«Paşa Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfə artıb.
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında şirkətin birja dövriyyəsi 15 milyard 927 milyon 485 min manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 2,4 dəfə artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 2 milyard 11,5 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 3 milyard 878,5milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 349,1 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 9 milyard 687 milyon manat, səhmləri isə 1 milyon 439,8 min manat olub.
Cari ildə«Paşa Kapital İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 23,6%, dövlət istiqrazları üzrə əməliyyatları 2,3 dəfə repo əməliyyatları 3,3 dəfə artıb, korporativ istiqrazlar üzrə əməliyyatlar 9,2%, səhm əməliyyatları 13,3 dəfə azalıb.
Bu il «Paşa Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 2,5 dəfə artaraq 2 196-dan 5 381-ə yüksəlib.
10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini qorumaqdadır. Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb. Bakı Fond Birjası tərəfindən cari ilin yanvar-oktyabr ayları üçün açıqlanan hesabata əsasən "PAŞA Kapital" 15 milyard 928 milyon manata yaxın dövriyyə həcmi və 45% bazar payı ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti mövqeyində möhkəmlənib. Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları və Repo bazarlarında, eləcə də anderraytinq xidmətləri üzrə aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib. Qeyd edək ki, “PAŞA Kapital” yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi və korporativ müştərilərə investisiya xidmətləri göstərir. Şirkət brokerlik, portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri və tədqiqat, eləcə də marja ticarəti sahəsində öz xidmətlərini təklif edir.