Süni intellekt texnologiyalarının istehsalçısı olan «NVİDİA» şirkətinin 2025-ci ilin ilk rübünü əla göstəricilərlə başa vurması onun səhm qiyməti və bazar dəyəri ilə bağlı yeni rekordlar müəyyən edib.
Nvidia gəlir proqnozlarını üstələdi
FED.az xəbər verir ki, şirkətin səhminin qiyməti növbəti rekord həddə çataraq min dolları ötüb.
Hazırda «NVİDİA»nın səhminin qiyməti 1 065 dollardır.
Son bir ildə şirkətin səhmləri sürətlə bahalaşıb. Belə ki, 2023-cü ilin əvvəlində «NVİDİA»nın səhmləri 149 dollara ticarət edilirdi, bu ilin əvvəli isə qiymət 491 dollar olub.
Başqa sözlə, səhmin qiyməti 2023-cü ilin əvvəlindən 7,1 dəfə, 2024-cü ilin əvvəlindən isə 2,2 dəfə artıb.
Bu artımlar nəticəsində çip istehsalçısının bazar dəyəri Almaniyada fond bazarında siyahıda olan bütün şirkətlərin cəmindən daha artıq olub.
Qeyd edək ki, Almaniyada ilkin siyahıları olan şirkətlərin ümumi dəyəri çərşənbə günü 2,315 trilyon avro və ya 2,51 trilyon dollar təşkil edib. «NVİDİA» şirkətinin dəyəri isə 2,6 trilyon dollara çatıb.
Başqa maraqlı məqam odur ki, «NVİDİA»nın bazar dəyəri Kanada və Rusiyanın ümumi daxili məhsulundan (ÜDM) daha böyükdür. Üstəlik, çip istehsalçısının bazar kapitallaşması Kaliforniya və Texas istisna olmaqla, ABŞ-ın bütün ştatlarının ÜDM-ni üstələyir.
Qeyd edək ki, «NVİDİA» həm gəlir, həm də mənfəət baxımından sürətlə inkişaf edir. Şirkət son 12 ayda 79,7 milyard dollar həcmində satış və 42,6 milyard dollar mənfəət əldə edib.
Satışların həcmi 262% artıb, eyni zamanda səhm başına düzəliş edilmiş mənfəət illik müqayisədə 461% artıb. Bu, şirkətin təkcə gəlirlərini deyil, həm də səhminin gəlirliliyinin qeyri-adi sürətlə artırdığını göstərir.
Bu təsirli artım templəri Nvidia-nın texnologiya və yarımkeçirici sənayesində yenilikçi və lider kimi mövqeyini daha da gücləndirir.
Şirkət 2025-ci maliyyə ilinin birinci rübü üçün 26 milyard dollar gəlir əldə etdiyini bildirib. Bundan əlavə, NVIDIA-nın maliyyə direktoru şirkətin məhsullarına tələbatın "gələn il üçün" təklifi üstələyəcəyini söyləyib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.