Dünyada misin qiyməti son iki ay ərzində 28 faiz artaraq, iki ilin maksimumuna çatıb.
Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, “Comex”də mayın 13-də keçirilən satışların yekununa görə, metala olan iyul fyuçerslərinin kotirovkası 2,2 faiz - 1 funt üçün 4,766 dollaradək artıb. Bu, “Dow Jones Market Data”nın məlumatına görə, 2022-ci il aprelin 18-dən bəri ən yüksək göstəricidir.
Tarixi rekord 1 funt üçün 4,9375 dollar təşkil edir. Bu, 2022-ci il martın 4-də müəyyən olunub.
Qeyd edək ki, mis Azərbaycanın mədənçıxarma sənayesində mühüm aktivlərdən biri olaraq qalmaqdadır. Ölkədə qiymətli və xammal metalı yataqlarının işlənib hazırlanması ilə məşğul olan “Anglo Asian Mining plc” (ААМ) Britaniya qızıl hasilatçısı hələ ötən il bu metal hasilatının artırılması planı barədə bəyan etmişdi. Belə ki, şirkətin beşillik planına müvafiq olaraq, hasilatı 2027-ci ilədək iki dəfə, 2029-cu ilədək üç dəfə artırmaq nəzərdə tutulub.
Bununla yanaşı, şirkətin strategiyasına uyğun olaraq, mis şirkətin əsas məhsuluna çevriləcək, mis istehsalının şirkətin gəlirlərində payı 2026-cı ildən başlayaraq qızıl istehsalından gələn gəlirləri üstələyəcək.
Şirkət Azərbaycanda mis hasilatını artırmaq üçün “Zəfər”, “Gilar”, “Xarxar”da yeni mədənlər işə salmağı planlaşdırır. Bundan başqa, 300 min tondan çox metal istehsalı potensialı olan “Qaradağ” mədənini inkişaf etdirmək planlaşdırılır.
Analitiklər yaşıl enerji istehsalı üzrə layihələrin çoxalması fonunda misə tələbatın artacağını gözləyirlər. Belə ki, “Calamos” investisiya şirkətinin tədqiqatına görə, müəyyən edilmiş 1 GVt bərpaolunan enerji istehsalı üçün ənənəvi energetikada tələb olunduğundan 5 dəfə çox mis lazımdır.
Bundan başqa, şirkətin tədqiqatına uyğun olaraq, 1 GVt istehsal gücü olan bir yerüstü külək turbininin tikintisinə 4 tondan çox, dəniz külək turbininin tikintisinə isə 15 tona yaxın mis tələb olunur.
Bütövlükdə, yaşıl enerji istehsalının bütün mərhələlərində misə tələbat yüksəkdir. Bu metal növündən günəş və külək elektrik stansiyalarının, akkumulyatorların, elektrikötürücü xətlərinin istehsalı texnologiyasında istifadə olunur. (Azərtac)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.