Məşhur İsveçrə bankı və investisiya şirkəti "UBS Group" qızıl və gümüş üçün 2026-cı ilin sonu üzrə qiymət proqnozlarını dəyişdirmədiyini açıqlayıb.
Böyük bankdan yeni proqnoz: Qızıl bahalaşıb 8000 dollar olacaq
FED.az xəbər verir ki, Bank 2026-cı ilin sonunda qızılın bir unsiyasının qiymətinin 5600 dollara, gümüşün isə 100 dollar səviyyəsinə çatacağını gözləyir. Qeyd edək ki, Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, qızılın unsiyası beynəlxalq bazarlarda 4716 dollara ticarət olunub. Əgər UBS-in proqnozu düz çıxarsa qızıl 884 dollar və ya 19%-ə yaxın bahalaşmalıdır.
UBS-in qiymətli metallar üzrə strateqi Joni Teves çərşənbə axşamı keçirilən media ilə görüşündə bildirib ki, bazarlardakı dəstəkləyici fundamental amillər hələ də qüvvədə qalır.
Teves qeyd edib ki, İranda müharibə başlayandan bəri qızıl qiymətləri təzyiq altında qalsa da, inflyasiyanın yüksəlməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED - ABŞ Mərkəzi Bankı) faizləri sabit saxlaması səbəbindən real faizlərin azalması qızılı dəstəkləyəcək.
“Portfelin şaxələndirilməsi hələ də güclü şəkildə davam edir”, – deyən Teves həm fərdi, həm də institusional investorların qızıla yatırdıqları vəsaitlərinə diqqət çəkib.
O həmçinin mərkəzi bankların qızıl alışını dayandırmasının və ya satışa başlamasının “ehtimal edilmədiyini” bildirib.
Son həftələrdə qızıl qiymətlərində müşahidə olunan üfüqi hərəkət investorların yenidən mövqe tutmasına imkan yaradarkən, UBS qızılın gözləntilərdən daha yaxşı nəticə göstərə biləcəyini qiymətləndirir.
Bildirilib ki, gümüş də qızıldakı yüksəlişi izləyəcək və bazarın əsas dinamikaları tərəfindən də dəstəklənəcək. UBS-in qiymətləndirməsinə görə, bu il gümüşə tələbat təklifi üstələyəcək. (Marja)














