İş adamı İlon Mask tərəfindən sevilən “Dogecoin” kriptovalyutası Amerikanın avtomobil istehsalçısı “Ford”un bazar dəyərini keçib. Mütəxəssislərin fikrincə, növbəti “qurban” “Twitter” ola bilər.
Eləcə də bax: İlon Mask və «Tesla» elektromobildən çox – BİTKOİNDƏN PUL QAZANIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Coinmarketcap”a görə, “Dogecoin” sikkələrinin kapitallaşması Bakı vaxtı ilə 20:04-ə qədər 45.8 milyard dollar olub. Sikkənin dəyəri ticarət sessiyasının başlanmasından 3.1% – 0.3548 dollara qədər artıb.
Bununla yanaşı, “Ford”un bazar dəyəri 45.3 milyard dollara düşüb. Şirkətin bir səhminin qiyməti 4.58% – 11.56 dollara enib.
Qeyd edək ki, son bir həftədə “Dogecoin”in dəyəri 400% və ya beş dəfə artıb. Böyüməyə təsir göstərən amillərdən biri də 20 apreldə qeyd olunan “DogeDay” (“Doge Günü”) olub. Əgər artım eyni ruhda davam edərsə, tezlikdə rəqəmsal pul vahidi “Tesla” və “SpaceX”in qurucusu İlon Mask tərəfindən reklam olunduğu “Twitter”in kapitallaşmasını keçəcək.
Xatırladaq ki, “Dogecoin” kriptovalyutası Billi Markus və Cekson Palmer tərəfindən 2013-cü ildə yaradılıb. 2020-ci ilin dekabrında İlon Mask sosial şəbəkədə təkcə “Doge” sözünü paylaşıb və onun kəskin bahalaşması üçün kifayət edib.
Daha əvvəl Latviyanın “AirBaltic” aviaşirkətinin “Dogecoin” kriptovalyutasında ödəniş qəbul etdiyi məlum olub.