Azərbaycanın qeyri-bank maliyyə bazarının təmsilçilərindən olan «Falcon Finance» BOKT MMC manatla istiqraz buraxmağa hazırlanır.
FED.az xəbər verir ki, buraxılışın həcmi 700 min manatdır, şirkət hər birinin qiyməti 1000 manat olan 700 ədəd qiymətli kağız hərraca çıxaracaq.
İstiqrazların illik gəlirliyi 14% təşkil edir, 1 illik buraxılıb və istiqrazlar üzrə faizlər 30 gündən (1 aydan) bir ödəniləcək. İstiqraz buraxılışının anterrayteri «PSG-Finance investisiya Şirkəti»dir.
«Falcon Finance» BOKT-un maliyyə vəziyyətinə gəlincə, FED.az xəbər verir ki, son 3 ildə şirkət sürətlə böyüyüb. Emissiya prospektində açıqlanan məlumatlara görə, 2019-cu ildə şirkətin aktivləri 202 min manat, 2020-ci ildə isə 529 min manat olduğu halda, 2021-ci ildə bu göstərici 1 milyon 558 min manata yüksəlib. Yəni son bir ildə şirkət 3 dəfə böyüyüb.
Şirkətin öhdəlikləri də sürətlə artaraq son 1 ildə 7 dəfə böyüyüb və 147 min manatdan 1 milyon 50 min manata yüksəlib.
Hazırda şirkət biznes kreditləri, istehlak kreitləri və məişət kreditlərinin verilməsi ilə məşğuldur, eyni zamanda, qarantiyalar təqdim edir.
Son 3 ildə «Falcon Finance» BOKT-un kredit portfeli dəfələrlə artaraq 2020-ciildəki 447 manatdan 2021-ci ildə 1 milyon 420 min manata yüksəlib.
Bu artımların fonunda şirkət mənfəətə də çıxıb. Belə ki, 2019-2020-ci illəri müvafiq olaraq 40 min manat və 17 min manat zərərlə başa vuran «Falcon Finance» BOKT 2021-ci ildə 119 min manat mənfəətə çıxa bilib.
Şirkət emissiya prospektində 2022-ci ilin nəticələrini və istiqrazın dövriyyədə olacağı dövr üçün proqnozlarını açıqlamayıb.
Xatırladaq ki, «Falcon Finance» BOKT iki fiziki şəxsə məxsusdur – Vüsal Tağıyev və Brilyant Salmanova. Hər iki səhmdar BOKT-da 250 min manat yatırmaqla hərəyə 50% paya malikdirlər.