Azərbaycan bankları və investorları yenidən diqqətlərini dövlət qiymətli kağızlarına yönəltməli olublar.
Eləcə də bax: Banklar Mərkəzi Bankın notlarına hücum çəkdilər – 4 QAT TƏLƏB
FED.az xəbər verir ki, yatırım üsullarının məhdud olması investorları hazırda bazarda ən etibarlı olan dövlət kağızlarına sövq edir, hətta indiyədək investorların ehtiyatla yanaşdığı 2 illik istiqrazlara da maraq kəskin artıb.
7 iyul 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105012782 ISIN-li, 20 mln. manat həcmində, 728 günlük (2 illik) ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 95.0269 AZN (12.9%) və 101.0892 AZN (9.39%) olan 20 sifariş təqdim edilib.
20 milyon manatlıq kağızların çıxarıldığı hərracda ümumi sifariş həcmi təqribən 4 dəfə artıq – 73 milyon manat olub. Sifiriş həcmi o qədər böyük olub ki, Maliyyə Nazirliyi əvvəlki həcmdən artıq olaraq əlavə daha 10 milyon manat istiqraz satmağı qərara alıb – qaydalar buna imkan verir. Nəticədə hərracda 20 milyon manatlıq deyil, 30 milyon manatlıq istiqraz yerləşdirilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9454 AZN (9.47%), orta ölçülmüş qiyməti 100.9641 (9.4596%) müəyyən edilib.
Yəni illik 10%-dən də az – xəzinə üçün olduqca sərfəli əməliyyatdır.
İstiqrazların ödəmə tarixi 5 iyul 2022-ci ildir.