Çin biotexnologiya şirkətinin səhmləri Honq-Konqda debüt etdiyindən bəri cəmi üç ay ərzində 4500%-dən çox bahalaşıb və bu, spekulyativ alqı-satqılarla bağlı narahatlıqlara səbəb olub.
"Tesla" səhmdarlarından Elon Maska - 1 TRİLYON DOLLARLIQ TƏKLİF
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
“TransThera Sciences”in səhmləri çərşənbə axşamı Honq-Konq birjasında 64% artaraq 679.50 Honq Konq dollarına çatıb, halbuki iyunun sonunda onların qiyməti cəmi 13.15 Honq-Konq dolları olub. İnanılmaz artım şirkəti “Hang Seng Healthcare” indeksinin liderinə çevirib.
“TransThera” çərşənbə axşamı yaydığı açıqlamada səhmlərinin qiymətində “qeyri-adi dəyişikliklər” baş verdiyini qeyd edib, eyni zamanda “biznes əməliyyatlarının normal rejimdə davam etdiyini” təsdiqləyib.
“Üç ayda 4000% — bu, əlbəttə ki, dəlilikdir”, – deyə Çikaqonun “Karobaar Capital” şirkətinin investisiya direktoru Haris Kurşid bildirib. “Amma bu, daha çox bazar əhval-ruhiyyəsi ilə bağlıdır, nəinki fundamental amillərlə”.
“Pharmaceutical Finance” nəşri yazıb ki, cəmi 121 nəfərin işlədiyi, nə məhsulu, nə gəliri, nə də mənfəəti olan bir şirkət cəmi 80 günə sahənin böyük oyunçularını geridə qoyub. Maliyyə xəbərləri nəşri “Cailian” qeyd edib ki, “TransThera” hələ heç bir məhsulu bazara çıxarmayıb, onun preparatları hələ klinik sınaq mərhələsindədir.
Qeyd edək ki, biotexnologiya şirkəti indi bazar dəyərinə görə “Akeso Inc.” və “Innovent Biologics Inc.” kimi iri əczaçılıq şirkətləri geridə qoyub və ABŞ və Honq-Konq birjalarında liderlərdən biri olan “BeOne Medicines Ltd.”ə yaxınlaşır. (Banker)