Xəbər verdiyimiz kimi, bu ilin yanvar-iyul aylarında Bakı Fond Birjasının (BFB) dövriyyəsi 26 milyard 28 milyon manat olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,2 milyard manat və ya 35% azalma deməkdir.
Azərbaycanda yenilik: İstiqrazların alqı-satqısı asanlaşacaq – BFB açıqladı
Ümumiyyətlə, bu ilin əvvəlindən bəri BFB-nin dövriyyəsində azalmalar müşahidə olunur və bu azalma tendensiyası ilin ilk yeddi ayında da davam edib.
Bəs Bakı Fond Birjasının dövriyyəsinim azalmasının səbəbləri nələrdir?
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalının sualını cavablandıran BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib ki, dövriyyədəki azalma daha çox dövlət qiymətli kağızları və onların üzərində olan repo əməliyyatları ilə bağlıdır:
"Dövlət kağızlarının hərraclarda emissiya həcmi azaldıqca, təbii ki, bazar dövriyyəsi və repo əməliyyatlarının həcmi də aşağı düşür. Amma ümumi dövriyyədə korporativ sektorun iştirakı — həm müştəri aktivliyi, həm həcm, həm də əməliyyat sayısı ötən illərlə müqayisədə artıb".
Ruslan Xəlilov qeyd edib ki, dövriyyənin azalmasının ikinci səbəbi fiskal siyasət, yəni Maliyyə Nazirliyinin borclanma strategiyasıdır:
"Nazirliyin ilin sonuna doğru daxili və xarici borclanma həcmləri üzrə büdcə proqnozları açıqlanıb. Burdan görmək olar ki, daxili borclanmada müəyyən artım olacaq. Düşünürəm ki, ilin sonuna doğru bu artım sayəsində dövriyyə ilin birinci yarısı ilə müqayisədə bir qədər bərpa oluna bilər".
Ötən ilin göstəriciləri ilə müqayisədə bu ilin sonunadək BFB-nin dövriyyəsində artım gözlənilirmi? sualına cavab verən sədr bu barədə dəqiq proqnoz verməyin mümkün olmadığını vurğulayıb:
"Lakin bu il dövlət qiymətli kağızlar üzrə dövriyyə ötən ildən daha az olduğuna görə, indiyə qədər olan tendensiya onu göstərir ki, ötən ilin ümumi həcmi ilə müqayisədə artım olması çətin görünür. Sırf dövlət kağızları və repo əməliyyatlarının həcmi bu il ötən ildən az olması gözlənilir".













