Bakı Fond Birjasında “ABB - İnvest investisiya şirkəti” QSC-nin və “BOKT Embafinans” QSC-nin iştirakı ilə “Açılış Zəngi” mərasimi keçirilib.
Eləcə də bax: “Bakı Fond Birjası”ndan xalis mənfəətinin kəskin azalmasına - Münasibət
FED.az xəbərr verir ki, birjanın yaydığı məlumata görə, “ABB - İnvest investisiya şirkəti” QSC ilə Bakı Fond Birjası (BFB) arasında Listinq Məsləhət Proqramı çərçivəsində tərəfdaşlıq memorandumu imzalanıb.
Bu tərəfdaşlıqla yanaşı ABB-İnvest “BOKT Embafinans” QSC-nin istiqraz buraxılışında anderraytinq xidməti göstərməklə özünün ilk anderraytinq xidmətini reallaşdırmışdır.
“Kapital bazarları üzrə 2021-ci ilin mühüm hadisələrindən biri olan "ABB-İnvest" şirkətinin ilk anderraytinq xidməti vasitəsilə Embafinansın mütəşəkkil kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə BFB “Açılış Zəngi” mərasimi keçirilmişdir. Belə ki, Azərbaycanın qeyri-neft sektorundan olan "Embafinans"ın istiqraz buraxılışı həyata keçirməsi yerli mütəşəkkil kapital bazarlarının inkişafı üçün xüsusi önəm daşıyır”,- məlumatda deyilir.
Açılış mərasimində emitent tərəfindən “Embafinans”, birja üzvü tərəfindən ABB-İnvest investisiya şirkəti və BFB-nin nümayəndələri iştirak etmişdir. BFB-nin İdarə Heyətinin Sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək “Embafinans”ın birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.
Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ilkin ticarətinə başlanılmışdır.