Azərbaycandakı investisiya şirkətlərinin mənfəətliliyində azalma müşahidə edilib.
FED.az bu barədə Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə 2024-cü ilin birinci yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 4.4 mln. manat olmuşdur. Bu göstərici 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 15.4% azdır.
Qeyd edilib ki, investisiya şirkətləri üzrə xalis mənfəətin azalmasını şərtləndirən əsas amil bəzi şirkətlər üzrə inzibati xərclərin artımı olmuşdur. Sektor üzrə xalis mənfəətin azalması fonunda aktiv və öhdəliklərin artımı mənfəətlilik göstəricilərində azalmanı şərtləndirmişdir. Belə ki, 2023-ci ilin birinci yarımili ilə müqayisədə ROA göstəricisi 2.4 faiz bəndi azalaraq 1.9%-ə, ROE göstəricisi isə 3.2 faiz bəndi azalaraq 9%-ə enib.
2024-cü ilin birinci yarımili ərzində investisiya şirkətlərinin balansı genişlənmişdir. 2023-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 89% ( 107 mln. manat) artaraq 228 mln. manat, öhdəlikləri isə 1.4 dəfə (105 mln. manat) artaraq 180 mln. manata çatmışdır. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki artımı şərtləndirən əsas amil repo/əks-repo əməliyyatlarının həcminin artımı ilə bağlı olmuşdur. Belə ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ildə repo bazarındakı əməliyyatlar iki dəfədən çox artıb.
Dövr ərzində investisiya şirkətlərinin müştəri aktivləri genişlənib. 2023-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin müştəri aktivləri 8% (121 mln. manat) artaraq 1 mlrd. 721 mln. manata çatmışdır. Müştəri aktivlərində artımın əsas səbəbi xarici bazarda broker xidmətləri olmuşdur. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 6.4% (83 mln. manat) artıb.
İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. 2024-cü ilin ilk yarımilinin sonuna olan məlumatlara əsasən sektor üzrə məcmu kapital 46 mln. manat, tələb olunan kapital isə 5.2 mln. manat təşkil etmişdir ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olmasını şərtləndirir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.