Azərbaycanın qiymətli kağızlar bazarında qeyri-dövlət sektorunun payı 1%-dən də aşağı düşüb.
Azərbaycanda manatla qiymətli kağızlara tələbat - KƏSKİN AZALDI
FED.az xəbər verir ki, bu Bakı Fond Birjasının (BFB) 2020-ci ilin 1-ci rübünün nəticələrini açıqlayandan sonra məlum olub. Hesabata görə, 1-ci rübdə ölkənin qiymətli kağızlar bazarının dövriyyəsi 2 milyard 76 milyon manat olub.
Əməliyyatların əksəriyyəti dövlər qurumları və ya dövlətə məxsus şirkətlərin alətləri ilə aparılıb.
Özəl sektorda isə bazarın bütün seqmentləri üzrə böyük durğunluq müşahidə edilir.
Səhm bazarı
Belə ki, 1-ci rübdə özəl şirkətlər tərəfindən səhm bazarında yerləşdirmə. Yəni ilkin bazarda əməliyyat aparılmayıb. Əvvəlki illərdə bu sahədə banklar və sığorta şirkətləri aktiv idilər və səhm yerləşdirirdilər. 1-ci rübdə bu proses faktiki olaraq dayanıb. Səhmlərin təkrar bazarında isə 6 milyon 719 min manatlıq əməliyyat aparılıb.
Koronavirus gələndən “Holcim Azərbaycan”ın - SƏHMLƏRİ UCUZLAŞIB
İstiqraz bazarı
İstiqraz bazarında bu il hələlik bir buraxılış olub. «Bank BTB» özünün 2 milyon manatlıq istiqrazlarını yerləşdirib. Yeri gəlmişkən, bazardakı indiki vəziyyəti nəzərə alanda, bu yerləşdirməni çox uğurlu saymaq olar.
Təkrar istiqraz bazarında isə əməliyyatların həcmi 3 milyon 639 min manat təşkil edib. Burada əməliyyatlar əsasən 3 özəl şirkəin kağızları ilə aparılıb. Əməliyyatların 1 milyon 878 min manatı «METAK» istiqrazlarının, 522,8 min dollar və ya 888,8 min manatı «Unibank»ın istiqrazlarının, 871 min manatı isə BOKT «Embafinans»ın payına düşür.
Repo əməliyyatları
Bu ilin 1-ci rübündə qiymətli kağızlar bazarında repo əməliyyatları xeyli – 4 dəfə artıb. Amma bunun özəl sektota aidiyyatı yoxdur. Özəl şirkətlərin kağızları ilə ilk 3 ayda cəmi 16 min manatlıq repo əməliyyat aparılıb - «Holsim-Azərbaycan»ın səhmləri ilə.
Başqa sözlə, 2020-ci ilin ilk rübündə Azərbaycanın qiymətli kağızlar bazarında qeyri-dövlət qiymətli kağızları ilə cəmi 12 milyon manatlıq əməliyyat aparılıb ki, bu da ümumi bazarın 0,6%-i deməkdir.
Qiymətli kağızlar bazarında özəl sektorun payının az olması iqtisadiyyatın qeyri-neft sektorunun kifayət qədər inkişaf etməməsi, səhmdar kapitala maraın aşağı olması, iqtisadiyyatdakı şəffaflıq səviyyəsinin aşağı olması və şirkətlərin hesabatlılığının lazımi səviyyədə olmamasının göstəricisidir.