Azərbaycanda dollara tələbatın kəskin artması fonunda Azərbaycan manatında qiymətli və digər alətlərə tələbat kəskin aşağı düşüb.
Eləcə də bax: Qiymətli kağızlar bazarı 2,5 dəfə geriləyib - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu proses özünü manatla alətlər üzrə keçirilən hərraclarda göstərməyə başlayıb. Eləcə də, son günlər manatda olan qiymətli kağızların təkrar bazara təklifi sürətlə artır. Maraqlıdır ki, söhbət Azərbaycanda ən etibarlı - dövlət qurumları tərəfindən buraxılan alət və kağızlardan gedir.
Manatda olan tələbatın aşağı düşməsi özünü martın 10-dan etibbarən göstərməyə başlayıb.
Martın 10-da Maliyyə Nazirliyinin keçirdiyi hərracda ümumi həcmi 10 milyon manat olan 1 (364 günlük) illik istiqrazlara tələb 26,8 milyon manat olub (tələb təklif nisbəti 2,7) və gəlirlilik 7,99%-ə yüksəlib. Həmin günlər dollara tələbatın böyük olduğu dövr idi və ona görə də MN istiqrazlarının gəlirliyinin kəskin artması əksəriyyətin diqqətini cəlb etmədi.
Elə həmin gün oxşar siqnal Mərkəzi Bankdan gəldi. martın 10-da keçirilən AMB-nin depozit hərracında hərracda gəlirlik dəyişməsə də (illik 5,51%) tələbat kəskin azaldı və 100 milyon depozit təklifinə qarşı 268 milyon manat tələb oldu.
Halbuki, bundan əvvəl hər iki alətdə – həm AMB depoziti, həm də Maliyyə nazirliyinin istiqrazlarındə gəlirlik bundan aşağı olduğu halda onlara byöük tələbat vardı.
Maliyyə Nazirliyinin istiqrazları
Belə ki, cəmi bir həftə əvvəl Maliyyə Nazirliyinin ümumi həcmi 15 milyonn manat olan iki illik (728 günlük) istiqrazlarına tələbat 42,3 milyon manat olmuş, gəlirlik isə cəmi 5,2% təşkil etmişdi. Tələb təklif nisbəti - 2,8.
Daha bir həftə əvvəl – fevralın 25-də Maliyyə Nazirliyinin ümumi məbləği 25 milyon manat olan 3 illik (1092 günlük) istiqrazlarına tələbat 94,5 milyon manat, gəlirlik isə 6,4% olmuşdu. Tələb təklif nisbəti - 3,8.
Nəhayət, daha 1 həftə əvvəl – fevralın 18-də Maliyyə Nazirliyi bəlkə də ilin ən yaxşı əməliyyatını həyaat keçirib – ümumi həcmi 10 milyon manat olan 5 illik (1830 günlük) istiqrazlara 55,3 milyon manat sifariş gəlmiş, istiqrazlar illik 8,4% gəlirliklə yerləşdirilmişdi. Tələb təklif nisbəti - 5,5!
Məlumat üçün bildirək ki, istiqrazın müddəti uzandıqca onun gəlirliyi də artmalıdır. Bu baxımdan 5 illik istiqraz 8,4%, 3 illik istiqraz 6,4%, iki illik istiqrazın isə 5,2% gəliliyindən sonra 1 illik istiqrazlarda gəlir dərəcəsi daha aşağı olmalıydı. Amma əvəzində martın 10-da gəlirlik 8%-ə sıçrayıb.
Banklar AMB-nin manat depozitindən ehtiyat edirlər
Maliyyə Nazirliyinin istiqrazları ilə baş verən proses Mərkəzi Bankın (AMB) manat alətlərində də müşahidə edilib. Xəbər verildiyi kimi, bu gün, martın 30-da Azərbaycan Mərkəzi Bankı 14 günlük depozit hərracı keçirib.
FED.az-ın məlumatına görə, 200 milyon manatlıq depozitə cəmi 189 milyon manat tələb olub. Depozitin gəlirliyi isə 6,96%-ə sıçrayıb.
Halbuki bir neçə həftə əvvəl, yəni neft bazarında situasiya tamamilə başqa idi. Cəmi 1 ay əvvələ qayıtsaq, bütün fevral ayı ərzində AMB-nin 14-28 günlük depozitlərində gəlirlilik 5,51% təşkil edib. Depozit yerləşdirməyə tələb isə 100 milyon manatlıq təklifə qarşı 580-650 milyon manat arasında dəyişib. Başqa sözlə, depozitlərə tələb təklifi 6-6,5 dəfə üstələyib. Belə ki,
Fevralın 26-da keçirilən hərracda 100 milyon depozit təklifinə qarşı 619 mln. manat tələb olub, gəlirlilik 5,51%, tələb təklif nisbəti 6,2 təşkil edib
Martın 2-də keçirilən hərracda 100 milyon depozit təklifinə qarşı 633 mln. Manat tələb olub, gəlirliliu 5,51%, tələb təklif nisbəti 6,3 təşkil edib.
Martın 4-də keçirilən hərracda 100 milyon depozit təklifinə qarşı 620,3 mln. Manat tələb olub, gəlirlilik 5,51%, tələb təklif nisbəti 6,2 təşkil edib.
Martın 10-da keçirilən hərracda 100 milyon depozit təkliyinə qarşı 268 milyon manat tələb olub, gəlirlilik 5,51%, tələb təklif nisbəti 2,7 təşkil edib.
Martın 11-də keçirilən hərracda 100 milyon depozit təklifinə qarşı 313 mln. Manat tələb olub, gəlirlilik 5,51%, tələb təklif nisbəti 3,1 təşkil edib.
Martın 16-da keçirilən hərracda 100 milyon depozit təklifinə qarşı 255 milyon manat tələb olub, gəlirlilik 5,51%, tələb təklif nisbəti 2,5 təşkil edib.
Martın 18-də keçirilən hərracda 100 milyon manat depozit təklifinə qarşı 158 milyon manat tələb olub, gəlirlilik 5,51%, Tələb təklif nisbəti 1,6 təşkil edib.
Martın 29-da keçirilən hərracda 200 milyon manat depozit təklifinə qarşı 200,5 milyon manat tələb olub, gəlirlilik 6,82%, tələb təklif nisbəti 1 təşkil edib.
Nəhayət, Martın 30-da keçirilən hərracda 200 milyon manat depozit təklifinə qarşı 189 milyon manat tələb olub. Gəlirlilik 6,96%, tələb təklif nisbəti cəmi 0,95 təşkil edib. Başqa sözlə, Son aylar ərzində ilk dəfə olaraq Azərbaycan Mərkəzi Bankı depozitləri tam cəlb edə bilməyib.
Doğrudur, martın 30-da təklif edilən depozitin də həcmi çox idi və güman ki, AMB-də tələbatın tam təmin edilməyəcəyini ehtimal edirdilər. Bankları həvəsləndirmək üçün depozitin təklif ediləcək gəlirliyi də artırılmışdı, amma banklar ehtiyatlı yanaşmanı üstün tutublar.
Qeyd edək ki, AMB-nin depozit hərracı və bu hərracda əldə edilən nəticələr - sifariş həcmi və gəlirlik səviyyəsi ölkənin maliyyə sektorundakı situasiyanın və bank sektorundakı (çünki depozit hərracında yalnız banklar iştirvk edə bilər) əhval-ruhiyyənin göstəricilərindən biridir. Bu mənada bankların depozit hərracına münasibəti maliyyə sektoruna vəziyyətin göstəricisidir.
Depozit hərracına marağın azalması dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması, birjalarda yaşanan panika, devalvasiya ehtimalı və dollara tələbatın kəskin artmasından sonra başlayıb. Bazar iştirakçıları bilirir ki, yaranmış vəziyyətdə banklar və digər iştirakçılar əllərində daha çox manat kütləsi saxlamağa üstünlük verirlər ki, tələb olunsa, onu dərhal dollara çevirə bilsinlər.
Depozitlərə və istiqrazlara marağın artmasının digər səbəbi də var. Son günlər qiymətli kağızlar bazarında manatla kağızların təklifi kəskin artır. Bir qədər əvvəl qıtlıq hiss olunan manatla alətlər daha yaxşı gəlirliyə malikdir və bu mənada investorların seçim imkanları artıb. Amma bazar iştirakçıları FED.az-a təsdiqləyiblər ki, hazırda əsas səbəb bankların əllərində manat kütləsi saxlamaq istəyidir.