Milli Depozit Mərkəzi (MDM) xarici investorların Azərbaycan bazarına cəlbi, eləcə də yerli investorların xarici bazarlara çıxışı üçün işlərə başlayıb.
Qurumdan FED.az-a bildirilib ki, bunun üçün MDM beynəlxalq depozitar təşkilatı olan «Clearstream»da saxlayıcı hesab açmağa hazırlaşır. Eləcə də, xarici kastodian sayılan «Raiffeisen Bank International» ilə nominal hesabın açılmasına dair danışıqlara başlanılıb.
Ötən müddət ərzində MDM ilə adıçəkilən təşkilatlar arasında bir neçə veb-görüş təşkil edilərək xaricdə hesab açılması qaydaları və şərtləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı MDM-in üzvləri olan investisiya şirkətlərinin potensial müştəri bazası, ticarət həcmləri, investorların maraq göstərdiyi xarici bazarlar və digər müvafiq məlumatlara dair müxtəlif sorğular edilib.
Qeyd edək ki, “Clearstream” və “Raiffeisen Bank İnternational” kimi təşkilatlarda xarici hesabların açılması Azərbaycandakı investorların beynəlxalq bazarlara daha etibarlı platforma üzərindən çıxışını təmin edəcək.
Həmçinin, xarici depozitarlarla əməliyyat əlaqələrinin genişləndirilməsi, o cümlədən Türkiyə mərkəzi depozitarı “Mərkəzi Kayıt Kuruluşu”nda (MKK) MDM üçün nominal saxlayıcı hesabın açılması başlıca hədəflərdəndir. Bu istiqamətdə, MDM və MKK arasında onlayn görüşlər keçirilərək tərəfləri maraqlandıran məsələlər müzakirə edilib.
Eyni zamanda, xarici depozitarlar və kastodian banklar tərəfindən mərkəzi depozitarda nominal saxlayıcı hesabların açılması üzrə də tədbirlər görülür.
Bu istiqamətdə Gürcüstan bankı olan “Bank of Georgia”nın MDM-də hesab açmasına dair qarşı tərəf ilə ikitərəfli danışıqlar müsbət nəticələnib. Yekun mərhələ olaraq yaxın zamanda hesabın açılması üzrə müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, kastodian -qiymətli kağızları saxlayan və onları müştərinin tapşırığı ilə idarə edən təşkilat, adətən bankdır. Eləcə də kastodian klirinq, kreditləşmə, pul əməliyyatlarının idarə edilməsi ilə bağlı xidmətlər göstərə bilir.