Azərbaycanda ilk dəfə olaraq qızıl sənayesi ilə bağlı istiqrazların buraxılacağı gözlənilir.
Eləcə də bax: SOCAR yeni istiqraz buraxacaq - AÇIQLAMA
FED.az xəbər verir ki, ölkədə qızıl hasilatı ilə məşğul olan iki şirkətdən biri - “AzerGold” QSC qarşıdakı dövrdə fəvliyyətini maliyyələşdirmək üçün istiqraz emissiyası elan etmək niyyətindədir.
Qeyd edək ki, «AzerGold» QSC mənfəətlə işləyir. Ötən il 21 milyon manat həcmində xalis mənfəət əldə edib ki, bunun da 15 milyonu Nizamnamə kapitalına yönəldilib.
Bununla yanaşı, şirkətdən FED.az-a verilən məlumata görə, «AzerGold» mənfəətlə çalışan dövlət şirkəti olsa da, yeni layihələrə sərmayə qoyuluşunu təkcə əldə etdiyi gəlirlər və dövlət hesabına deyil, həm də alternativ maliyyə mənbələrinin hesabına həyata keçirməyi qarşıya məqsəd qoyub. Bu xüsusda qeyd olunan maliyyə mənbələrinin sırasına istiqrazların emissiyası da daxildir.
Belə ki, Cəmiyyət tərəfindən yaxın gələcəkdə Bakı Fond Birjası vasitəsi ilə ilk dəfə olaraq istiqrazların tədavülə buraxılması planlaşdırılır. Planlaşdırılan qiymətli kağızların emissiyası təkcə “AzerGold”un investisiya portfelinin şaxələndirilməsi deyil, eləcə də vətəndaşlar üçün mənfəətli investisiya imkanları yaratmaq məqsədi daşıyır.
İstiqrazların emissiyasından cəlb ediləcək vəsaitin isə “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) layihələri üzrə yeni yataqların resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərə tutulub.
Şirkətin yüksək mənfəətlə işləməsi tədavülə buraxılacaq qiymətli kağızların daha etibarlı və dayanıqlı olmasına təminat verir. Yeni istiqrazlar “AzerGold”un uzun müddətli inkişafında pay sahibi olmaqla yanaşı, qiymətli kağızlar bazarının daha da inkişaf etməsinə təkan verəcək. FED.az-ın əldə etdiyi məlumata görə, «qızıl istiqrazları» dollarda buraxılacaq.
Qeyd edək ki, Azərbaycanda dövlət şirkətləri arasında dollar istiqrazlarını ilk dəfə SOCAR 2016-cı ildə buraxıb. 5 il müddətinə buraxılan istiqrazların illik gəlirliyi 5% idi.