Azərbaycan İnvestisiya Holdinqinin tabeliyindəki dövlət şirkətləri dövriyyəyə şəriət qaydaları ilə istiqraz (adi istiqrazların islami ekvivalenti) - sukuk buraxa bilər.
Xatırladaq ki, bununla bağlı holdinq İslam İnkişaf Bankı Qrupunun (IsDBG) qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə əməkdaşlıq etmək niyyətindədir. Artıq tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Bəs Azərbaycanda buraxılacaq islam istiqrazlarına müştəri tapılacaqmı? Ümumiyyətlə bu cür emissiya hansı iqtisadi nəticələr doğuracaq?
FED.az xəbər verir ki, islam bankçılığı üzrə ekspert Ruslan Atakişiyev hesab eidr ki, sukuk ölkəyə qısa zamanda 100 milyonlarla dollar axın təmin edəcək: “Azərbaycanda sukukun emissiyasının əsas məqsədi yeni maliyyə mənbələrinin müəyyən olunmasıdır. Belə ki, ölkə daxilində haram sayaraq istiqraz almayan kifayət qədər insan var. Digər tərəfdən Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn kimi körfəz ölkələrində Azərbaycana investisiya qoymaqda maraqlı olan, lakin eyni səbəbdən bunu etməyənlər kifayət qədərdir. Sukukun emissiyası AİH-nin idarətetrməsində olan şirkətlərə qısa zamanda külli miqdarda vəsaitin axınını təmin edəcək. Burada söhbət 100 milyonlarla dollardan gedir”.
Onun sözlərinə görə, sukuk üzrə gəlirlilik bəzi hallarda ənənəvi istiqrazlarla müqayisədə xeyli yuxarı olur: “Ənənəvi istiqrazlar üzrə gəlirlilik fiksə olunmuş faiz üzrə hesablanır. Nəticədən aslı olmayaraq sonda faiz gəlirlərini istənilən halda almış olursunuz. Sukukda müəssisənin xalis mənfəətinə şərik olursunuz. Yəni onun risklərini bölüşürsunuz. Bu məqam ilk baxışda sukukun ənnənəvi istiqrazlara nisbətən daha riskli olması görüntüsü yaratsa da əslində məsələ tam da belə deyil. Beynəlxalq təcrübədə sukukun risklərinin müxtəlif yollarla minimuma endirilməsi mexanizmləri mövcuddur. Belə ki, borclanmaya gedən tərəf zərər etdikdə sukuk üzrə ödəliklərini əvvəlki illərin mənfəəti hesabına, əlavə borclanmaya getməklə və ya sığorta hesabına ödəyə bilir. Nəticə etibarı ilə risklər klassik istiqrazlarla bərabər səviyyədə olur. Lakin sukukun gəlirliyi əvvəlcədən razılaşdırılmış şəkildə deyil, nəticəyə bağlı olduğuna görə bəzi hallarda ənnəvi istiqrazlarla müqayisədə xeyli yuxarı olur. Bu baxımdan ona tək müsəlmanlar deyil qeyri müsəlmanlar da investisiya aləti kimi müraciət edirlər”.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycanda sukuk tətbiq olunan zaman qanunvericilik baxımından bəzi uyğunsuzluqlar ortaya çıxa bilər: “Sukuka münasibətdə ikiqat vergiyə cəlb olma məsələsi yarana bilər. Bu, sukukun təbiətindən irəli gəlir. Belə ki, o, istiqraz olduğuna görə faiz gəlirləri, faktiki olaraq mənfəətdən gəliri nəzərdə tutduğuna görə isə dividend kimi vergiyə cəlb oluna bilər. Sukunun cəlbediciliyini artırmaq üçün vergi və mülki məcəllədə müəyyən islahatların aparılması labüddür. Onun statusu tam şəkildə müəyyən olunmalıdır. Müvafiq müddəalar qanuvericilikdə öz əksini tapmalıdır”. (Report)