Azərbaycan İnvestisiya Holdinqi (AIH) və İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında anlaşma memorandumu imzalanıb.
Eləcə də bax: İnvestisiya şirkətlərinin ən çox etibar etdiyi - 9 ŞİRKƏT SƏHMİ - SİYAHI
FED.az İnvestisiya Holdinqinə istinadla xəbər verir ki, sənədi AİH-in baş direktoru Ruslan Əlixanov və ICD-nin baş direktoru Ayman Amin Sejini imzalayıb.
Memorandumuna əsasən, tərəflər AIH-in idarəetməsində olan dövlət şirkətlərinə sukuk (şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi - istiqrazların islami ekvivalenti) emissiyasına dəstək verilməsi üçün əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, islam istiqrazları – sukuk şəriət ölkələrində yayılan və islam qaydalarını pozmayan istiqraz alətidir. İslamda faiz qadağan olunduğuna görə, ənənəvi istiqrazlardan fərqli olaraq sukuklarda – əvvəlcədən müəyyən edilmiş faiz gəlirliyi olmur.
Sukuka marağın əsasında o dayanır ki, müsəlman ölkələrində (xüsusilə də körfəz ölkələrində) böyük vəsaitlər mövcuddur və onlar uzunmüddətli borc kimi verilə bilər. Amma şəriət qaydalarına görə (faiz qadağan olunduğuna görə), bu prosesi ənənəvi istiqrazlar vasitəsilə həyata keçirmək mümkün deyil.
Sukukun gəlirliyi yalnız pul yatırılan müəssisənin gəlirliyi hesabına yaranır. Yəni sukuk sahibləri yalnız o zaman bu kağızlardan gəlir götürürlər ki, istiqrazı buraxan təşkilat mənfəətlə işləsin. Buna görə də ənənəvi istiqrazlardan fərqli olaraq sukuk-un gəlirliyi zəmanətli deyil – gəlir ola da bilər, olmaya da.
Ona görə də investorlar sukuk vasitəsilə yatırım etdikləri layihələri daha diqqətlə seçir, onların gəlir və mənfəətlə işləyəcəyinə əmin olmaq istəyirlər.
Yeri gəlmişkən, son işlər sukukun ən çox cəlb edildiyi sahələrdən biri də layihə maliyyələşdirilməsidir, Bu üsul xüsusilə iri maliyyə vəsaiti tələb edən hallarda özünü doğruldur. Hazırda dünyada sukuk buraxılması hesabına elektrik stansiyaları, neft kəmərləri, poladəritmə zavodları, yollar, limanlar və tunellər inşa edilir.
«Fitch Rating»in məlumatlarına görə, 2019-cu ildə dünyada 42,2 milyard dollarlıq sukuk buraxılıb. Ümumilikdə isə dünyada sukuk dövriyyəsi 500 milyard dollara yaxındır.
Azərbaycan dövlət şirkətlərin sukuk buraxmaq planları da bu şirkətlərə islam ölkələrindən güzəştli – uzunmüddətli və aşağı faiz dərəcəli maliyyə cəlb etməyə imkan verəcək. Bu vəsaitlər həm də işğaldan azad olunan ərazilərin bərpası üçün istifadə oluna bilər.
Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında islam istiqrazlarına maraq göstərən ilk ölkə deyil. Son vaxtlar sürətlə inkişaf edən Özbəkistan da ötən ildən başlayaraq islam istiqrazları – sukuklar vasitəsilə vəsait cəlb etməyə başlayıb.
Məsələ bundadır ki, hazırda bu ölkəyə iri infrastruktur layihələri üçün böyük vəsaitlər lazımdır, amma ucuz maliyyə vəsaitlərinə çıxış imkanı böyük deyil – bu da əsasən beynəlxalq maliyə təşkilatlarının güzəştli kreditləridir. Təqribi hesablamalara görə, Özbəkistan sukuk buraxmaqla 4-5 milyard dollar vəsait cəlb edə bilər.