«Şəki-Bazar» ASC-nin rəhbərliyi bəzi səhmdarları şirkətin fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər etməkdə və bununla da işə mane olmaqda ittiham edir.
Bu barədə FED.az-a ASC-nin sədri Eldəniz Hacıəliyev məlumat verib. Onun sözlərinə görə, şirkətin bəzi səhmdarları ASC-nin fəaliyəti ilə bağlı müxtəlif qurumlara çoxsaylı şikayətlər ünvanlayırlar və nəticədə ASC-də tez-tez yoxlamalar baş verir: «Bəzi səhmdarlarımız bizdən şikayət edir, müxtəlif qurumlara, hər yerə, biz də tez-tez gedib cavab verməli oluruq. Buna bizim vaxtımız gedir, işləyə bilmirik».
ASC sədri deyir ki, belə səhmlarların əsas məqsədi malik olduqları səhmləri şirkətin rəhbərliyinə daha yüksək qiymətə satmaqdır. «Onlar öz səhmlərini satmaq istəyirlər, indi bazarda ASC-nin səhmlərinin qiyməti 1-2 manat, maksimum 3 manatdır, onlar isə səhmi 10-15 manata satmaq istəyirlər».
Şirkət sədri deyir ki, belə şikayətlər ASC-yə işləməyə imkan vermir.
Qeyd edək ki, bu məsələ şirkətin səhmdarlarının gələn ilin əvəlində keçiriləcək illik yığıncağında da müzakirə ediləcək.
ELƏCƏ DƏ BAX: “ŞƏKİ-BAZAR”ASC sahiblərinə pul qazandırıb
Burada tikniti işlərinin getdiyini və bazarın səliqəyə salındığını deyən E.Hacıəliyev bildirir ki, hazırda bazarın konstrkusiyaları yenilənir, üstü örtülür. Bazar rəhbərini sözlərinə görə, son vaxtlar baş verən dəyişikliklər, o cümlədən Şəkidə ASAN Xidmət mərkəzinin işə başlaması bazarın da işinə müsbət təsir edəcək.
Fond bazarı üzrə ekspert Hafiz Babalı FED.az-a bildirib ki, əvvəla heç kim məcburi olaraq heç kimə səhmini satdıra bilməz: «Amma başqa məsələdir ki, «Şəki-Bazar» ASC nə qədər şəffafdır, yəni səhmdarları və dövlət qurumları qarşısında hesabatlıdırmı, illik hesabatlarını düzgün asıqlayırmı, gəlirlərini və dövriyyəsini mənfəətini düzgün göstərirmi».
Ekspert bildirir ki, hazırda bəzi ASC-lər bir neçə hesabatla işləyirlər: «Bunlardan biri vergi orqanları üçün tərtib olunan rəsmi hesabatdır, burada adətən göstərilir ki, şirkət zərərlə işləyir və dividend də verilmir».
Qeyri rəsmi hesabatda isə əksinə hər şey dəqiq göstərilir, və bunun nəticəsi olaraq ASC-lərin böyük səhmdarları yüksək gəlirlər götürürlər:
«Səhmdarlar da bundan narazılıq edirlər ki, hesabatı və gəlirləri düz göstər və ardıcıl olaraq zərərlə işləmə».
O ki qaldı səhmin qiymətinə, H.Babalı bildirir ki, səhmin qiyməti bir neçə məsələdən asılıdır. Məsələn, əgər şirkətin iri səhmdarı səhmi yığırsa (yəni ASC-dəki payını artırmaq üçün kiçik səhmdarlardan səhmləri pulla alırsa), dividend verirsə və sair belə hallarda səhmlər bahalaşır: «Bunlar olmadıqda isə səhmin bazar qiyməti ilə bağlı dəqiq məlumat demək mümkün deyil, çünki bazarda səhmlərin dəqiq oturuşmuş qiyməti yoxdur».
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.