Azərbaycanda Türkiyə kapitalı ilə fəaliyyət göstərən iki bankdan biri (digəri «Yapı Kredi Bank Azərbaycan»dır) olan «Ziraat Bank Azərbaycan» 2020-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ilk 9 ayda bankın faiz gəlirləri 12 milyon 805 min manat, faiz xərcləri 4 milyon 562 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 1,6% azalıb, faiz xərcləri isə 29,2% artıb.
İlk 9 ayda bankın qeyri-faiz gəlirləri 4 milyon 537 min manat, qeyri-faiz xərcləri isə 7 milyon 098 min manat təşkil edib.
Hesabat dövründə bankın əməliyyat mənfəəti 4 milyon 475 min manat təşkil edib. Bank bu vəsaitin yarısını 2 milyon 232 min manatını aktivlər üzrə mmükün zərərlərin ödənilməsi üçün ehtiyatlara ayırıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ehtiyatlara ayrılan məbləğ 2,6 dəfə artıb ki, bu da bankın kredit portfelinin keyfiyyətinin pisləşməsinin əlamətidir.
Bankın vergiyə qədər mənfəəti 2 milyon 243 min manat təşkil edib, bunun 303 min manatı mənfəət vergisi kimi ödənilib, nəticədə «Ziraat Bank Azərbaycan» ilk 9 ayı 1 milyon 940 min manat xalis mənfəətlə başa vurub.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% azdır. Xatırladaq ki, ötən il bank 3 milyon 008 min manat xalis mənfəət əldə etmişdi.
3-cü rübün nəticələrinə görə, Bankın aktivləri 280 milyon 487 min manat, xalis kredit portfeli 147 milyon 723 min manat olub. Cəmi öhdəliklər 207 186 min manat təşkil edib. Ötən ilin sonu ilə müqayisədə bankın öhdəlikləri 13,7% artıb. Bankın cəmi kapitalı 73 milyon 301 min manat olub.