«Yapı Kredi Bank Azərbaycan» QSC bu ilin yanvar-sentyabr aylarını 1,574 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3% və yaxud 2,4 dəfə azdır.
9 ay ərzində «Yapı Kredi Bank Azərbaycan»ın faiz gəlirləri 21 milyon 169 min manat, faiz xərcləri 1 milyon 354 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 15,2%, faiz xərcləri isə 41% azalıb.
Bu dövrdə bankın xalis faiz gəliri 19 milyon 815 min manat təşkil edib. İlin ilk 9 ayında «Yapı Kredi Bank Azərbaycan»ın qeyri-faiz gəlirləri 9 milyon 555 min manat, qeyri-faiz xərci 19 milyon 729 min manat təşkil edib. Nəticədə dövr üzrə bankın əməliyyat mənfəəti 9 milyon 641 min maat təşkil edib.
Bankbu vəsaitin 7 milyon 393 min manatını (əvvəlki ildən 5,8% çox) ehtiyatlara ayırmalar üçün sərf edib, 673 min manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə «Yapı Kredi Bank Azərbaycan» 2020-ci ilin 3-cü rübünü 1 milyon 574 min manat xalis mənfəətlə başa vurub.
Bu il oktyabrın 1-nə «Yapı Kredi Bank Azərbaycan»ın aktivləri 350,965 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 18,1% azdır. Aktivlərin 106 milyon 397 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. İlin əvvəlindən bəri bankın kredit portfeli 25,8% azalıb.
Yapı Kredi Bank Azərbaycan ölkədə real sektorunun dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. 3-cü rübün sonu üzrə kredit portfeli 149.6 mln manat təşkil etmişdir və kredit portfelinin iqtisadi sahələr üzrə strukturuna nəzər yetirdikdə bankın əsasən qeyri-neft sektorunu əhatə edən çoxşaxəli maliyyələşdirmə həyata keçirdiyinin şahidi olmaq olar.
Hesabat dövründə «Yapı Kredi Bank Azərbaycan»ın öhdəlikləri ilin əvvəli ilə müqayisədə 22,6% azalaraq 268 milyon 919 milyon manata düşüb. Bankın depozit portfeli 248 milyon 892 min manat təşkil edib. Cəmi kapitalı isə 1% artaraq 82 milyon 046 min manata çatıb.
Bankın kapital göstəriciləri kifayət qədər qənaətbəxşdir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın tutulmalardan sonra I dərəcəli kapitalı artaraq 71.1 mln AZN, məcmu kapitalı isə artaraq 74,1 milyon AZN olmuşdur.
Eyni dövrdə I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 45%-ə, məcmu kapitalın adekvatlıq əmsalı 47%-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01%-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.
Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.