Türkiyənin dövlət bankı “Ziraat Bankası”nın ölkəmizdə törəmə bankı olan “Ziraat Bank Azərbaycan” ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, bank ötən ili ümumilikdə 14 milyon 505 min manat xalis mənfəət ilə başa vurub.
Xalis mənfəət illik müqayisədə 2024-cü ildə 5 milyon 992 min manat və ya 70,4% artıb.
Bank 2023-cü ili 8 milyon 513 min manat xalis mənfəətlə bağlamışdı.
Bank bu dövrdə 3 milyon 915 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə 54 milyon 424 min manat faiz gəliri əldə edib. Gəlirlərin 38 milyon 559 min manatı kreditlərdən əldə edilən gəlirlərin hesabına formalaşıb. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 7 milyon 494 min manat (16%), kreditlər hesabına əldə edilən faiz gəlirləri isə 4 milyon 406 min manat (13%) artıb.
Bu dövrdə faiz xərcləri 18 milyon 37 min manat olub ki, bu da illik müqayisədə 5 milyon 704 min manat və ya 46% çoxdur. Bunun da böyük hissəsi -13 milyon 624 min manatını depozitlər üzrə faiz xərcləri təşkil edib. Bu da illik 3 milyon 930 min manat (41%) artıqdır.
“ZiraatBank Azərbaycan”ın xalis faiz gəlirləri 36 milyon 387 min manat təşkil edib ki, bu da son bir ildə 5 milyon 927 min manat və ya 19% çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 19 milyon 934 min manat olub. Qeyri faiz gəlirləri son bir ildə 4 milyon 790 min manat (32%) artıb.
Bu dövrdə qeyri faiz xərcləri 3 milyon 301 min manat (16%) artaraq 23 milyon 982 min manata, əmək haqqı xərcləri 2 milyon 456 min manat (34%) artaraq 9 milyon 746 min manata yüksəlib.
Bu dövrdə bankın əməliyyat mənfəəti də 32 milyon 339 min manat olub ki, bu da illik müqayisədə 7 milyon 416 min manat və ya 30% çoxdur.
"Ziraat Bank Azərbaycan"ın aktivləri 2024 ilin IV rübündə 921 milyon 126 min manat təşkil edib. Aktivlər ötən ilin sonu ilə müqayisədə 284 milyon 441 manat və ya 45% böyüyüb.
Bankın kredit portfeli 529 milyon 713 min manat təşkil edib ki, bu da illik müqayisədə 138 milyon 772 min manat (35%) artıb.
BANKDA ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN PULU ARTIB
Bu dövrdə bankın öhdəlikləri 267,9 milyon manat (52%) artımla 787,6 milyon manata yüksəlib.
"Ziraat Bank Azərbaycan"ın depozit portfelində də artım müşahidə olunub.
Belə ki, bu dövrdə bank 565 milyon 654 min manat depozit portfelinə malik olub. Onun da 192 milyon 752 manatı fiziki, 372 milyon 903 manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2023-cü ilin sonu ilə müqayisədə depozit portfeli 154 milyon 232 min manat (37%), fiziki şəxslərin depozitləri 21 milyon 84 min manat (12%), hüquqi şəxslərin depozitləri isə 133 milyon 149 min manat (56%) artıb.
"Ziraat Bank Azərbaycan" 2024-cü ilin sonunda 133,5 milyon manat kapitala malik olub ki, bu da illik müqayisədə 16,6 milyon manat və ya 14% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi də son bir ildə 14 milyon 505 manat və ya 34% artaraq 57 milyon 724 min manat təşkil edib.