Azərbaycanın aparıcı banklarından olan «Yelo Bank» sosial şəbəkələrdə yayılan «Yelo Bank»ın əsgəri məhkəməyə verməsi ilə bağlı xəbərlərlə bağlı məlumat yayıb.
Eləcə də bax: "Yelo Bank"dan əsgərlərimizə növbəti - Dəstək
Bankdan FED.az-a verilən məlumata görə, məlumatın yayılmasından sonra dəhral bu məsələ araşdırılıb. Məlum olub ki, həmin şəxs haqqında məhkəməyə müraciət onun əsgər kimi xidmətə başlamasından əvvəl olub. Həmin müştərinin xidmətdə olduğu bilinən kimi, Bank dərhal Ucar rayon məhkəməsinə prosesi dayandırması ilə bağlı məlumat göndərib. Eyni zamanda əsgərin qardaşı da Banka dəvət edilib.
Bank bildirir ki, «Yelo Bank» vətən uğrunda azadlıq müharibəsinin ilk günündən döyüşlərdə iştirak edən və zərər çəkmiş hər bir müştərisinin yanındadır.
«Xidmətdə olan müştərilərlə bağlı məlumatların yığılması müəyyən vaxt tələb etdiyindən, qeyd olunan formada yanlış anlaşılmalar baş verə bilir. Artıq bir neçə müştərilərimizi ziyarət edərək, həm edilən güzəştlərlə bağlı məlumatı şəxsən onlara çatdırmış, həmçinin müharibədə göstərdikləri qəhrəmanlıqlara görə təşəkkürümüzü bildirmişik»-deyə bankdan bildirilir.
Bu gün, noyabrın 18-də isə bank nümayəndələri «Yelo bank»ın belə müştərilərindən biri olan və döyüşlər zamanı qolunu itirmiş əsgərə baş çəkiblər. «Müharibə haqda iştirakçısının dilindən eşitmək əldə etdiyimiz qələbənin necə dəyərli olduğunu bizə bir daha sübut etdi»-deyə bankdan bildirilib.
Qeyd edək ki, «Yelo Bank» olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat, eləcə də, döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsait ayırıb. Bundan başqa, orduya dəstək aksiyaları çərçivəsində cəbhə bölgələrinə tibbi ləvazimatlar, gigiyenik vasitələr, isti geyimlər, qida məhsulları və digər ilkin tələbat məhsulları göndərilib.
Döyüşlər zamanı Bankın 20-ə yaxın əməkdaşı isə səfərbərlik çərçivəsində ordu sıralarına qatılıb. «Yelo Bank»ı» bir əməkdaşı isə Bərdəyə xain hücum zamanı həlak olub.
«Bütün bu dövr ərzində daim ordumuz və əsgərlərimizin, cəbhəyə yollanan yoldaşlarımızın və onların ailələrinin yanında olub, dəstəyimizi əsirgəməmişik və bundan sonra da əsirgəməyəcəyik»-deyə bankın açıqlamasında bildirilir.