"Yelo Bank” 2021-ci ilin sonuna qədər Azərbaycanın regionlarında filial şəbəkəsini genişləndirməyi planlaşdırır.
Eləcə də bax: Azərbaycanlı milyardçı Bakıda "Yelo Bank"ın yeni - BAŞ OFİSİNİN AÇILIŞINDA
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov məlumat verib.
“Hazırda “Yelo Bank”ın Lənkəran, Gəncə və Bərdədə üç filialı var. Müşahidə Şurası bizə filial açmağa icazə verib və bununla bağlı Mərkəzi Banka müraciət edəcəyik. Biz bir neçə yeni filial açmağı planlaşdırırıq”, - deyə A.Həsənov bildirib.
Bank son bir neçə ay ərzində Bakıda və paytaxt ətrafında 6 yeni filial açıb.
A.Həsənov vurğulayıb ki, bank “LUKOYL-Azərbaycan” QSC ilə fəal əməkdaşlıq etməyi və onun yanacaqdoldurma məntəqələrində satış nöqtələri açmağı planlaşdırır.
“Biz “LUKOYL-Azərbaycan” QSC-nin komandası ilə çox məhsuldar əməkdaşlıq edirik. Yanacaqdoldurma məntəqələri ərazisində bankın birgə şöbələrinin yaradılması ilə bağlı layihələrimiz var, burada əməkdaşlarımız müştərilərə sürətli dəstək, məsləhət xidmətləri göstərə, həmçinin müəyyən aparatlar vasitəsilə bank əməliyyatları aparmağa kömək edə biləcəklər. Hesab edirik ki, əgər müştərilərimizə rəqəmsal texnologiyalar vasitəsilə internetdə bu və ya digər tranzaksiyanı həyata keçirməyi öyrətsək, bu, ölkəmizdə maliyyə savadlılığını artıracaq”, - deyə bankın rəhbəri qeyd edib.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” MMC-dir.*