«Bank VTB Azərbaycan» 2026-cı ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
Azərbaycan bankları 3-cü rübü belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR (2026) - TAM SİYAHI
Azərbaycan banklarında ən yüksək maaş haradadır? – BANKLAR, MƏBLƏĞLƏR
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu il bank sürətlə böyüyüb, gəlirləri və mənfəəti artıb.
Belə ki, bu ilin ilk 9 ayında «Bank VTB Azərbaycan»ın aktivləri 20%-dən çox artaraq 367 milyon manata yüksəlib.
Aktivlərin artımı demək olar ki, bütünlüklə kredit portfelinin hesabına baş verib – bu dövrdə kreditlər 60 milyon manat artaraq 243 milyon manatdan 304 milyon manata çatıb. Bankın nağd vəsaitləri isə təqribən 8 milyon manat və ya 45% artaraq 25 milyon manatı keçib.
Daha bir maraqlı dəyişiklik «Bank VTB Azərbaycan»ın başqa banklarda saxladığı depozitlərin kəskin azalması olub. Bu məbləğ 33 milyon manatdan 22 milyon manata enib.
İlk 9 ayda «Bank VTB Azərbaycan»ın öhdəlikləri də aktivlərlə paralel artıb – ilin əvvəlindəki 196 milyon manatdan 249 milyon manata yüksəlib. Artımın əsas səbəbi 52 milyon manat böyüyən depozit portfeli olub – bu göstərici ilin əvvəlindəki 101 milyon manatdan 153 milyon manata çatıb. Xüsusilə fiziki şəxslərin bankdakı əmanətləri 51 milyon manatdan 126 milyon manata yüksəlib. Hüquqi şəxslərin depozitləri isə demək olar ki, dəyişməyib – 26 milyon manat səviyyəsində qalıb.
«Bank VTB Azərbaycan»ın əsas öhdəlik maddələrindən biri Mərkəzi Bank qarşısındakı öhdəliklərdir – 76,5 milyon manat.
Bu dövrdə bankın cəmi kapitalı 9 milyon manat artaraq 118 milyon manata yüksəlib. Ümumilikdə, bankın nizamnamə kapitalı 316 milyon manata yaxındır. Amma bunun 199 milyon manatı ötən illərdən yığılmış zərərlə örtülür. Yeri gəlmişkən, «Bank VTB Azərbaycan» hər il mənfəətlə işlədikcə yığılmış zərərini tədricən «əridir». Nəticədə bu il həmin göstərici ilk dəfə 200 milyon manatdan aşağı düşüb.
«Bank VTB Azərbaycan»ın balans göstəricilərindəki dəyişikliklər özünü onun gəlir və xərclərində də göstərir. Belə ki, ilk 9 ayda bankın faiz gəlirləri ötən illə müqayisədə demək olar ki, dəyişməyərək 31 milyon manat təşkil etsə də, gəlirlərin mənbələri dəyişib.
İlk növbədə, artan kredit portfeli «Bank VTB Azərbaycan»a əlavə 5 milyon manat gəlir təmin edib – kredit portfelindən əldə olunan gəlirlər 23 milyon manatdan 28 milyon manata yüksəlib. Əvəzində, «Bank VTB Azərbaycan»ın başqa banklarda saxladığı depozitlər azaldığı üçün bu depozitlərdən əldə olunan gəlirlər 5 milyon manatdan 1 milyon manata enib.
Bankın faiz xərcləri isə təxminən 2 milyon manat artaraq 9,3 milyon manata yüksəlib. Xüsusilə bankdakı depozitlərə görə ödənilən faizlər 1,5 milyon manat və ya 25% artaraq 7,3 milyon manata çatıb. Buna səbəb bankdakı əmanətlərin artması olub – onların faizlərini ödəmək lazımdır.
Daha 1,7 milyon manat isə Mərkəzi Bank və digər qurumlar qarşısındakı borclar üzrə faizlərin ödənilməsinə sərf edilib.
Nəticədə, ilk 9 ayda «Bank VTB Azərbaycan»ın xalis faiz gəliri 21,9 milyon manat olub – bu, əvvəlki ildən təxminən 1 milyon manat azdır.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri isə 10 milyon manat təşkil edib. Ənənəvi olaraq, «Bank VTB Azərbaycan»ın qeyri-faiz gəlirlərinin əsas hissəsi valyuta əməliyyatlarından formalaşır – 6,6 milyon manat. Daha 3,3 milyon manat isə haqq və komissiya gəlirləridir.
«Bank VTB Azərbaycan»ın qeyri-faiz xərcləri demək olar ki, dəyişməyib – təxminən 25 milyon manat təşkil edib. Bunun 16 milyon manatı əməkhaqqı ödənişlərinə, 5,4 milyon manatı inzibati xərclərə sərf edilib. Amortizasiya xərcləri isə bank üçün əlavə 2,3 milyon manat təşkil edib. Bu xərclər ötənilki səviyyədə qalıb.
Nəticədə, bankın əməliyyat mənfəəti 7,2 milyon manat olub. Buna əvvəllər ehtiyata ayrılmış təxminən 300 min manatın bərpası da əlavə edilib və mənfəət vergisi nəzərə alınıb.
Beləliklə, «Bank VTB Azərbaycan» ilk 9 ayı 7 milyon 678 min manat xalis mənfəətlə tamamlayıb.








![VTB Azərbaycanda əmanətlər artır, kreditlər böyüyür – [red]Bankın qazancı nə qədərdir? - HESABAT[/red] | FED.az](/upload/news/small/3133518.jpg)
![VTB Azərbaycanda əmanətlər artır, kreditlər böyüyür – [red]Bankın qazancı nə qədərdir? - HESABAT[/red] | FED.az](/upload/news/small/3748987.jpg)
![VTB Azərbaycanda əmanətlər artır, kreditlər böyüyür – [red]Bankın qazancı nə qədərdir? - HESABAT[/red] | FED.az](/upload/news/small/4895618.jpg)









