«Turanbank» 2019-cu ilin nəticələri ilə bağlı məlumatlarını açıqlayıb.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yekununda bank ümumilikdə 346 milyon 127 min manat kredit verib. Bu göstərici 2018-ci illə müqayisədə 21 milyon 693 min manat və ya 6,7% artıb. Qeyd edək ki, 2018-ci ilin yekununda bankın kredit portfeli 324 milyon 434 min manat idi.
Eləcə də bax:"Turanbank"ın maliyyə vəziyyəti - AÇIQLANIB
Bankın kredit portfelinin böyük hissəsi - 68%-i biznes sahələrinə verilən kreditlər təşkil edib.
Belə ki, «Turanbank»ın 2019-cu ildə biznes sahəsinə ümumilikdə 180 milyon manat kredit verib. Bu məbləğin 55 milyon 837 min manatı tikinti, 98 milyon 358 min manatı ticarət və xidmət, 34 milyon istehsal sahəsinə, 48 milyon 580 min manat kənd təsərrüfatına, 2 milyon 366 min manat nəqliyyata, 835 min manat kredit isə digər sahələrə ayrılıb.
Bankın 2019-cu ildə istehlak kreditlərinin məbləği 107 milyon manat təşkil edib. Bu, ümumi kredit portfelinin 31% deməkdir.
Bankın vaxtı keçmiş kreditlərinə gəlincə isə 2019-da ən problemli sahə ticarət və xidmət sahəsinə verilən kreditlər olub. Bu sahəyə verilən 98 milyon 358 min manat kreditin 8 milyon 245 min manatı və ya 8,4%-i problemli olub.
Bankın kənd təsərrüfatına verdiyi 48 milyon 580 min manatın 2 milyon 561 min manatı və ya 5,27%-i problemli olub.
Bankın ən “ideal” kredit qaytaranları nəqliyyat sahəsində olub. Bank tərəfindən bu sahəyə verilən 2 milyon 366 min manatın “bir qəpiyinin”də ödəniş vaxtı keçməyib.
Digər banklardan fərqli olaraq “Turanbank”dan istehlak məqsədilə götürülən kreditlərdə də əhəmiyyətli gecikmələr olmayıb. Belə ki, bank 2019-cu ildə istehlak sahəsinə verdiyi 107 milyon 090 min manat kreditin cəmi 0,42% -i nin vaxtı keçib.
Bankın istehsal sahəsinə verdiyi kreditin 1 milyon 036 minin, tikinti sahəsinə verilən kreditin 20 min manatının vaxtı keçmiş kreditlər olub.
Ümumilikdə bankın vaxtı keçmiş kreditlərinin həcmi 12 milyon 318 min manat təşkil edib ki, bu da ümumi kredit portfelinin 3,5% təşkil edib.