Azərbaycanın tikinti sektoruna bankların kredit dəstəyi artmaqda davam edir. Bu ilin oktyabrın 1-nə tikinti sahəsinə yönələn kreditlərin ümumi həcmi 1 milyard 502,4 milyon manat olub.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,8 milyon manat və ya 4,1% artım deməkdir.
Belə ki, ötən ilin oktyabrın 1-də tikinti şirkətlərinə 1 milyard 443,6 milyon manat kredit ayrılmışdı.
Artım ilin əvvəlindən və son ayla müqayisədə daha sürətli olub. Ötən ilin sonuna (1 mlrd. 369 mln. manat) nəzərən portfel 133,4 milyon manat (9,7%) böyüyüb. Son bir ayda (sentyabra nəzərən) isə 43 milyon manatlıq (2,9%) artım qeydə alınıb.
Xatırladaq ki, tikinti sektoruna verilən kreditlər ötən ilin eyni dövründə 1 milyard 443,6 milyon manat, ötən ilin sonunda 1 milyard 369 milyon manat, bu ilin sentyabrın 1-də isə 1 milyard 459,4 milyon manat təşkil edirdi.













