Azərbaycanın biznes kreditləri portfelinin ən böyük ikinci hissəsini təşkil edən ticarət sektoruna kredit qoyuluşunda azalma qeydə alınıb. Dekabrın 1-nə ticarət müəssisələrinə verilən kreditlərin ümumi həcmi 4 milyard 147,8 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 milyon manat və ya 0,5% azalma deməkdir.
Belə ki, ötən ilin dekabrın 1-də ticarət sektoruna 4 milyard 168,8 milyon manat kredit ayrılmışdı.
Portfeldəki dəyişikliyə daha yaxından baxdıqda, ötən ilin sonuna (4 mlrd. 248,4 mln. manat) nəzərən 100,6 milyon manatlıq (2,4%) azalma olduğu görünür. Son bir ayda isə (noyabra nəzərən) geriləmə daha kəskin olub: 91,7 milyon manat (2,2%).
Xatırladaq ki, ticarət sektoruna verilən kreditlər bu ilin noyabrın 1-nə 4 milyard 239,5 milyon manat, ötən ilin sonunda 4 milyard 248,4 milyon manat, ötən ilin eyni dövründə isə 4 milyard 168,8 milyon manat təşkil edirdi.












