ABB “NVIDIA” HGX B200 əsaslı “Dell GPU” serverlərinin satın alınması üçün tender elan edib.
ABB Bank data və süni intellektdən - 30 MİLYON MANAT FAYDALANIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iştirakçı şirkətlərin xidmət göstərilən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyətinin olması tələb edilir. İddiaçılar təkliflərini 10 aprelə qədər müvafiq qaydada ABB-yə təqdim edə bilərlər.
Bankdan əldə etdiyimiz məlumata görə, ABB bu serverləri süni intellekt layihələri üçün alır. Çünki tenderdə göstərilən serverlər çox yüksək hesablama gücünə malik avadanlıqlardır.
“NVIDIA” HGX B200 əsaslı “Dell GPU” serverlərindən daha çox böyük dil modellərinin (LLM) və digər süni intellekt modellərinin öyrədilməsində, hazır modellərin işlədilməsində, məsələn, çatbot, səsli köməkçi, sənəd analizi, OCR, risk və fraud aşkarlanması, çox böyük data emalı və paralel hesablamalarda, bəzi hallarda klassik yüksək performanslı hesablama (HPC) işlərində istifadə olunur.
Qeyd edək ki, ABB-nin müxtəlif istiqamətlərdə tətbiq etdiyi süni intellekt modellərinin sayı artıq 176-a çatıb. Bankdan verilən məlumata görə, bu modellər ABB üçün 34.5 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb. Hazırda ABB-də süni intellekt əsaslı 69 layihə həyata keçirilməkdədir.
ABB bu günlərdə AI-khan və AI-nur adlı süni intellekt köməkçilərini də bütün müştərilərin istifadəsinə verib. Onlar müxtəlif bank əməliyyatlarını səsli komandalarla yerinə yetirir, sualları cavablandırırlar.
“NVIDIA” HGX B200 əsaslı “Dell GPU” serverlərinin satın alınması üçün tenderin keçirilməsi ABB-nin dayanıqlı süni intellekt infrastrukturunun qurulmasına da ciddi investisiyalar etdiyini göstərir.












