“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının reytinqlərini təsdiqləyib.
«Azər Türk Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, “S&P” “Azər-Türk Bank”ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini“B+/B”səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz “sabit”dir.
“Bu reytinqlər bir tərəfdən bankın daxili bazarda kiçik paya malik olduğunu, istehlak və ipoteka kreditləşməsinin sürətli artım tempinin kapitalın azalması ilə nəticələnməsini, digər tərəfdən isə bankın dövlətə məxsus olmasının onun nüfuzuna və biznesin inkişafına müsbət təsir göstərdiyini əks etdirir”, - deyə agentlik vurğulayır.
“Eyni zamanda, reytinqlər yaxın bir neçə il üçün bankın strategiyasında planlaşdırılan dəyişiklikləri də nəzərə alır”, - deyə “S&P”dən bildirilib.
Qeyd olunub ki, yaxın 12 ay üçün “Azər-Türk Bank”ın reytinqi üzrə “sabit” proqnoz yeni inkişaf strategiyasının həyata keçirilməsi fonunda bankın biznes və maliyyə profillərinin sabit qalacağına dair agentliyin gözləntilərini əks etdirir.
“S&P” yaxın 12 ay ərzində bankın reytinqi üzrə “müsbət” proqnoz ehtimalının az olduğunu hesab edir. “Daha uzunmüddətli perspektivdə reytinqləri yüksəldə bilərik, bu isə bankın daxili bazardakı mövqelərini genişləndirəcəyi halda mümkündür, lakin bu, vaxt tələb edəcək, eyni zamanda, kapital və aktivlərin keyfiyyət göstəriciləri də saxlanılmalıdır. Bankın yeni strategiyası onun kapitallaşmasına və aktivlərin keyfiyyətinə ciddi təzyiq göstərəcəyi halda isə qarşıdakı 12 ay ərzində reytinqlər azaldıla bilər”, - deyə analitiklər vurğulayıblar.
Bundan başqa, “S&P” “Kapital Bank”ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB-/B” səviyyəsində təsdiqləyib, proqnoz “müsbət”dir.
Agentlikdən bildirilib ki, bu reytinqlər bir tərəfdən bankın Azərbaycanın bank sektorunda, xüsusilə pərakəndə kredit seqmentində dayanıqlı bazar mövqeyini, balans likvidliyini, sabit və şaxələndirilmiş əmanətçi bazasını, digər tərəfdən isə beynəlxalq kontekstdə nisbətən kiçik müştəri bazasını və istehlak kreditləri portfelinin artan konsentrasiyasını əks etdirir.
“Kapital Bank”ın reytinqləri üzrə “müsbət” proqnoz növbəti 12 ay ərzində onun gəlirlilik və kapitallaşma göstəricilərinin, eləcə də aktivlərinin keyfiyyətinin müqayisə olunan Azərbaycan və xarici bankların bir çoxunun göstəricilərini üstələyəcəyi ilə bağlı “S&P”nin gözləntilərini əks etdirir.
Məlumatda qeyd olunur ki, “Kapital Bank” dayanıqlı maliyyə nəticələri, yüksək kapital ehtiyatları, adekvat likvidlik və davamlı gəlirlilik nümayiş etdirəcəyi halda reytinq agentliyi yaxın 12 ayda reytinqləri yüksəldə bilər.
“Eyni zamanda, bankın sürətli inkişafı onun kapitallaşmasına və aktivlərin keyfiyyətinə əhəmiyyətli dərəcədə təzyiq göstərərsə və/və ya mənfəətin generasiya tempi aktivlərin artım tempindən əhəmiyyətli dərəcədə geri qalarsa, proqnoz yaxın 12 ay ərzində “sabit”ə dəyişdirilə bilər”, - deyə “S&P” xəbərdarlıq edib.
“S&P” “PAŞA Bank”ın uzunmüddətli kredit reytinqini “B+”dan “BB-“yə yüksəldib və bankın qısamüddətli reytinqini “B” səviyyəsində təsdiqləyib, proqnoz “sabit”dir.
“PAŞA Bank”ın uzunmüddətli kredit reytinqlərinin yüksəldilməsi dövlətlə əlaqəli təşkilatların və fiziki şəxslərin depozitlərinin sabit həcmi fonunda maliyyələşdirmə sabitliyinin artmasının son bir neçə il ərzində bankın kredit qabiliyyəti xüsusiyyətlərinin yaxşılaşmasına kömək etməsi ilə bağlı agentliyin gəldiyi qənaətə əsaslanır.
“Biz, həmçinin qeyd edirik ki, 2023-cü ilin sonu - 2024-cü ilin əvvəlində bankın Türkiyədəki “törəmə”sindəki payının bir hissəsinin satışının gözlənilməsi 2023-cü ildə kreditləşmənin və gəlirliliyin artması ilə birlikdə risk nəzərə alınmaqla bankın kapital adekvatlığı əmsalını saxlayır. Bundan başqa, bankın aktivlərinin keyfiyyəti yaxşılaşıb: 3-cü mərhələ xüsusiyyətlərinə malik kreditlərin payı 2023-cü il sentyabrın 30-na sektor üzrə orta hesabla 6-7%-lə müqayisədə “PAŞA Bank”ın kreditlərinin ümumi həcminin 5,4%-nə qədər azalıb”, - deyə analitiklər qeyd ediblər.
“Baza ssenarimizə uyğun olaraq zəif iqtisadi artım fonunda 24 ay ərzində bankın aktivlərinin keyfiyyətinin tədricən pisləşəcəyini gözləyirik. Ancaq hesab edirik ki, bank bu prosesə nəzarət etmək iqtidarındadır”, – deyə reytinq agentliyindən əlavə ediblər.
“PAŞA Bank”ın reytinqləri üzrə “sabit” proqnoz Azərbaycanın bank sektorunun korporativ seqmentində bazar payının əhəmiyyətli hissəsinin, böyük likvid ehtiyatların, eləcə də müştərilərin sabit depozit bazasının yaxın 12 ay ərzində bankın kredit keyfiyyətini dəstəkləyəcəyi ilə bağlı agentliyin gözləntilərini əks etdirir.
“PAŞA Bank”ın aktivlərinin keyfiyyətinin pisləşəcəyi və problemli aktivlərin payının Azərbaycanın müqayisə olunan maliyyə təşkilatlarının göstəricilərini xeyli üstələyəcəyi təqdirdə reytinq agentliyi bankın reytinqini yaxın 12 ay ərzində azalda bilər.
“S&P” yaxın 12 ay ərzində müsbət reytinq hərəkəti ehtimalının olmadığını hesab edir, “çünki bunun üçün bank müqayisəsi aparılan Azərbaycan və xarici banklardan fərqli olaraq daha yüksək gəlirlilik və kapitallaşma göstəriciləri nümayiş etdirməli, yüksək keyfiyyətli aktivlərə malik olmalıdır, bu isə bizim baza ssenarimizdə nəzərdə tutulmayıb”.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (81,08%), “PAŞA Sığorta” (7,52%) və fiziki şəxslərdir (11,4%).
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycan banklarının ilk üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, “Ador” MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.