Azərbaycanın bank sektorunda sənaye sahəsinə yönələn kreditlərin həcmində azalma müşahidə olunur. Bu ilin oktyabrın 1-nə sənayeyə verilən kreditlərin ümumi həcmi 2 milyard 684 milyon manat təşkil edib.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 101 milyon manat və ya 3,6% azalma deməkdir.
Belə ki, ötən ilin oktyabrın 1-də sənaye müəssisələrinə 2 milyard 785 milyon manat kredit ayrılmışdı.
Portfeldəki geriləmə ilin əvvəlindən bəri də davam edib. Ötən ilin sonuna (2 mlrd. 711,3 mln. manat) nəzərən portfel 27,3 milyon manat (1%) azalıb. Bununla belə, son bir ayda (sentyabra nəzərən) 112,4 milyon manatlıq (4,4%) artım qeydə alınıb.
Xatırladaq ki, sənayeyə verilən kreditlər ötən ilin eyni dövründə 2 milyard 785 milyon manat, ötən ilin sonunda 2 milyard 711,3 milyon manat, bu ilin sentyabrın 1-də isə 2 milyard 571,6 milyon manat təşkil edirdi.














