Ödəniş və maliyyə xidmətləri göstərən Rusiyanın QIWI şirkəti yaxın zamanlardan Azərbaycanın ən böyük banklarından biri ilə əməkdaşlıq çərçivəsində ölkənin bank sektorunda da fəaliyyətə başlayacaq.
Eləcə də bax: Rusiyada WebMoney vasitəsilə köçürmələr - DAYANDIRILDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, QIWI şirkətinin Maliyyə Xidmətlərinin Satışı Departamentinin direktoru Roman Çerkayev bildirib ki, planlaşdırılan əməkdaşlıq həmin Azərbaycan bankının müştəriləri üçün ödənişləri əhəmiyyətli dərəcədə asanlaşdırmağa imkan verəcək.
Lakin hələ tam razılıq əldə olunmadığından sözügedən bankın adı açıqlanmır.
“Hesab edirəm ki, ölkənizin bank sektorunda yüksək texnoloji rəqəmsal ödəniş alətləri baxımından müsbət və dayanıqlı artım gözlənilir”, - o əlavə edib.
R.Çerkayev bildirib ki, 5-ci “Nağdsız iqtisadiyyat” Beynəlxalq Bank Forumu sayəsində yeni layihələr və onlarla bağlı müqavilələrin bağlanması gözlənilir.
Onun sözlərinə görə, bu cür görüşlər bank bazarının rəqəmsallaşdırılması üzrə çağırışları müzakirə etməyə, perspektivli layihələrin icrası üzrə addımları razılaşdırmağa imkan verir.