Rusiyada “Sovcombank” işçilərinin bir hissəsini dörd günlük iş həftəsinə keçirmək üçün yanvar ayından sınaqlara başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, sınaqda əsasən bankın distant işləmə qabiliyyətinə malik bek- ofisinin (əqdlər üzrə sənədlərin qeydiyyata alınmasını həyata keçirən bank bölməsi – red.), həmçinin “Sovcombank Technologies” törəmə şirkətinin əməkdaşları iştirak edib.
Bankdan bildirilib ki, dörd günlük iş həftəsi təcrübəsi tamamilə müsbət nəticələndikdən sonra bank, 100 faiz məsafədən çalışan ən məhsuldar ofis işçiləri üçün belə bir cədvəl tətbiq etməyə hazır olacaq.
Təcrübənin miqyası məhdud olsa da, kovorkinq məkan kimi Türkiyə otellərindən biri seçilib. Təcrübə işçilərin 12%-ni əhatə edir.
Qeyd olunub ki, həftədə üç gün istirahət edən işçilərin əvvəlki maaşları saxlanılır.
Xatırladaq ki, daha əvvəl rusiyalılar arasında keçirilən rəy sorğusunda əksəriyyət iş həftəsinin dörd günə endirilməsini bəyənib.
Sorğuda iştirak edənlərin 78%-i əminliklə bildirib ki, həftədə üç istirahət günü iki gündən daha yaxşıdır. Respondentlərin yalnız 47%-i işəgötürənlərinin iş həftəsinin belə ixtisarına hazır olduğunu bildirib. Hər on rusiyalıdan yeddisi iş həftəsinin azaldılmasının komandanın fəaliyyətinə müsbət təsir edəcəyinə əmin olduğunu deyib.
Respondentlərin 21%-i hesab edir ki, belə bir keçid tamamilə mümkündür, lakin altı aydan az olmayaraq. Respondentlərin yalnız 6%-i çalışdıqları şirkətin dörd günlük iş rejiminə keçidə hazır olduğunu vurğulayıb.