Azərbaycan Respublikası Mərkəzi Bankının aidiyyəti dövlət qurumları və banklarla birlikdə həyata keçirdiyi nağdsız ödənişlərdən istifadənin əhatə dairəsinin genişləndirilməsi tədbirləri nəticəsində rəqəmsal ödənişlərin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərində artım müşahidə edilir. Bu sualları Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov cavablandırır.
– Ramil müəllim, Azərbaycanda rəqəmsal ödənişlərin hazırkı durumunu rəqəmlərlə ifadə edəndə hansı mənzərənin şahidi oluruq?
– 2019-cu il iyulun 1-nə ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 14,7 faiz artaraq 7 milyon ədədi ötüb. Bu ilin birinci yarısı üzrə bankların quraşdırdığı POS-terminalların sayı 63 min 396 ədəd olub ki, bunun da 25 min 747 ədədi təmassız POS-terminallardır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə təmassız POS-terminalların sayı 23,5 faiz (4.904 ədəd) artıb. Qeyd edilən dövrdə ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 9 milyard 532 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artım deməkdir. 2019-cu ilin ilk yarısında ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20 faiz (1,9 milyard manat) təşkil edib. Burada ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 faiz artım olub. Eyni dövrün müqayisəsi üzrə mobil bankçılıq vasitəsilə aparılan ödənişlərin sayı 3 dəfədən, təmassız kart ödənişlərinin sayı isə 4,5 dəfədən çox olub.
Eləcə də bax:"Bank BTB"də - YENİ TƏYİNAT
Rəqəmsallaşma bank sistemində iştirakçılar arasında rəqabəti yeni müstəviyə
keçirərək bank xidmətlərinin innovativ ödəniş texnologiyaları və həlləri
əsasında tətbiq edilməsinə, yeni müştəri seqmentinin formalaşmasına səbəb olur
Son zamanlar banklar tərəfindən elektron bankçılıq sistemi vasitəsilə həyata keçirilən bank xidmətlərinin çeşidləri genişləndirilib. Beynəlxalq təcrübədə istifadə edilən son trend innovativ ödəniş həllərinin tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb. Ölkəmizdə rəqəmsal ödənişlərdən istifadənin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə 2018-ci il 26 sentyabr tarixli prezident sərəncamı ilə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib və bu sənəddə müəyyən edilmiş tədbirlər Mərkəzi Bank və aidiyyəti dövlət qurumları tərəfindən icra olunur.
– Rəqəmsal ödəniş sistemlərinin əhatə və təsir dairəsi artdıqca bank xidmətlərində hansı yeniliklər baş verir?
– Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı dərinləşdikcə, rəqəmsallaşma və onun üstünlüklərinin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, bank sisteminə də transformasiyası qaçılmazdır. Rəqəmsallaşmanın bank sistemində tətbiqinin genişlənməsi bankları ənənəvi bankçılıq yanaşmasını dəyişməyə və yeni əməliyyat modellərini formalaşdırmağa sövq edir. Rəqəmsallaşma bank sistemində iştirakçılar arasında rəqabəti yeni müstəviyə keçirərək bank xidmətlərinin innovativ ödəniş texnologiyaları və həlləri əsasında tətbiq edilməsinə, yeni müştəri seqmentinin formalaşmasına səbəb olur.
Beynəlxalq təcrübədə rəqəmsallaşmanın tətbiqi nəticəsində son on illə müqayisədə bank sektorunda daha az filialların və bank əməkdaşlarının olmasını, informasiya texnologiyalarının tətbiqi və inkişafına daha iri həcmli vəsaitlərin ayrılmasını, iş saatlarının müddətinin uzadılmasını (24/7 rejimində), əməliyyat müddətlərinin qısalmasını, habelə bir sıra bankların xidmətlərini məsafədən təqdim etməyə üstünlük verməsini müşahidə etmək olar. Rəqəmsallaşma bank xidmətlərinin müştəri ehtiyacları əsasında yenidən formalaşmasına, xidmətlər üzrə dəyişikliklərin daha çevik formada tətbiq edilməsinə imkan verir. Biometriya, video-görüntü, çat-botlar və süni intellekt kimi innovativ texnologiyaların tətbiqi ödəniş əməliyyatlarının təhlükəsizliyinin təmin olunması, fırıldaqçılığın səviyyəsinin və çirkli pulların yuyulması riskinin aşağı salınması fonunda banklar üçün müştərilərə məsafədən xidmətlər üzrə əlavə dəyər qazandıran təkmilləşmiş bacarıqlar yaradır.
“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin
genişləndirilməsi üzrə Dövlət Proqramı” ümumilikdə icra olunacaq 60-a
yaxın strateji tədbiri ehtiva edir və bütövlükdə ölkənin nağdsız cəmiyyətə
transformasiyasına dair bir yol xəritəsi rolunu oynayır
– Mobil ödənişlərin inkişafı rəqəmsal ödənişlərin genişlənməsinə nə dərəcədə təsir göstərə bilər?
– Yaxın gələcəkdə mobil telefon ödənişlərinin həcmi artmaqda davam edəcək. “BI Mobile Payments”in hesabatına görə, dünyada təsərrüfat subyektlərində mobil ödənişlərin 2016-cı ildəki 75 milyard dollardan 2020-ci ilə qədər 503 milyard dollara qədər artması gözlənilir. Əlbəttə ki, 2019-cu il mobil ödənişlərin inkişaf tempinin ən çox yüksəldiyi il olacaq. Mobil telefondan istifadə etməklə ödənişləri həyata keçirməyin bir çox yolu var. Texnologiyanın sürətli inkişafı ilə əlaqədar yaxın gələcəkdə mobil cihazlar vasitəsilə həyata keçirilən yeni ödəniş üsullarının meydana çıxması gözləniləndir.
Mobil telefonların penetrasiya dərəcəsinı nəzərə alsaq, Azərbaycanda mobil ödənişlərdən intensiv istifadə rəqəmsal ödənişlərin həcmini kəskin şəkildə artıra bilər. Beynəlxalq təcrübədə gündəlik təkrarlanan xərclərin (kommunal, nəqliyyat, mobil operatorların xidmət haqları, inzibati cərimə və s.) mobil ödənişlər vasitəsilə həyata keçirilməsi rəqəmsal ödənişlərin inkişafında xüsusi rol oynayıb.
– Rəqəmsal bankçılığın ölkəmizdə populyarlaşması üçün nələr lazımdır? Bu sahədə hansı işlər görülür?
– Rəqəmsal bankçılığın genişlənməsi və ictimaiyyətdə nağdsız ödəniş vərdişinin formalaşdırılması üçün müvafiq bankçılıq infrastrukturu ilə yanaşı, iqtisadi subyektlər (həm hüquqi şəxslər, həm də əhali) arasında mütəmadi olaraq maarifləndirmə, təbliğat və təşviqat tədbirlərinin keçirilməsi zəruri amillərdəndir. Bir sıra hallarda bank müştəriləri yaradılan bank infrastrukturundan məlumatsız olduğundan və ya xidmətlərdən istifadə bacarıqları olmadığından, bankların bu istiqamətdə verdiyi xidmətlərdən istifadə etmirlər. Mərkəzi Bank bu sahədə davamlı olaraq maarifləndirmə və təbliğat işlərinə xüsusi önəm verir.Ümumi maliyyə savadlığının artırılması tədbirləri ilə yanaşı, Mərkəzi Bank tərəfindən rəqəmsal bankçılıq xidmətlərinin təşviqi üçün illik əsasda müxtəlif adda nominasiyalar keçirilir. Hər bir nominasiya üzrə xüsusi fərqlənən banklar təltif olunur və bankların bu sahələrdə fəaliyyətləri təşviq edilir. Bu il Mərkəzi Bank tərəfindən bütün ölkə əhalisini və ödəniş kartlarını (pensiya, təqaüd, əməkhaqqı, tələbə kartları, adi debet və kredit kartları və s.) əhatə edən stimullaşdırıcı lotereya həyata keçirildi və 1.800 nəfər kart sahibi mükafatlandırıldı. Bu kampaniyanın müsbət nəticələrini bu gün də müşahidə edirik.
Texnologiyanın sürətli inkişafı ilə əlaqədar yaxın gələcəkdə mobil cihazlar
vasitəsilə həyata keçirilən yeni ödəniş üsullarının meydana çıxması gözləniləndir
Öncə də qeyd edildiyi kimi, ötən ilin sentyabr ayında bank sektorunda rəqəmsallaşmaya təkan verəcək və strateji infrastruktur layihələri həyata keçirilməsini nəzərdə tutan “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkə başçısı tərəfindən Mərkəzi Bankın qarşısına konkret vəzifələr və yüksək hədəflər qoyulub. Proqram ümumilikdə icra olunacaq 60-a yaxın strateji tədbiri ehtiva edir və bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair bir yol xəritəsi rolunu oynayır.
– 24/7/365 rejimli ani ödəniş sisteminin yaradılması nəzərdə tutulub. Bu sahədə işlər nə yerdədir?
– Dövlət Proqramının icrası çərçivəsində Mərkəzi Bank tərəfindən “Ani ödəniş sistemi”nin yaradılması layihəsi həyata keçirilir. Bu sistemin fəaliyyətə başlaması ilə ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmaların 7/24 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması təmin ediləcək. Texniki platformanın və proqram təminatlarının sistemin tələblərinə uyğun quraşdırılması və konfiqurasiya edilməsi artıq başa çatdırılıb. “Milli ödəniş sistemi” infrastrukturunda QR Code vasitəsilə ödənişlərin aparılması üçün ölkə üzrə vahid QR Code standartının layihəsi hazırlanaraq ictimaiyyətə təqdim olunub. Hazırda test mühitində quraşdırılan ani ödəniş sisteminin nüvəsini təşkil edən komponentlərin texniki spesifikasiyalara uyğunluğu üzrə son daxili yoxlama işləri aparılır. Layihənin fiziki şəxslər arasında hesablaşmalarını əhatə edəcək birinci mərhələsi üzrə funksional imkanlar 2020-ci ilin birinci rübündə istifadəyə veriləcək.
– Vergilər Qəzeti