“Yelo Bank” ASC “TBC Kredit” bank olmayan kredit təşkilatı ilə birləşmə planlarından imtina edib.
Eləcə də bax: "Yelo Bank" hesabat dövrünü 5.7 milyon xalis mənfəətlə - BAŞA VURUB
FED.az xəbər verir ki, bu barədə “Yelo Bank”ın idarə heyətinin sədri Anar Həsənov bildirib.
Xatırladaq ki, birləşmə ilə əlaqədar 2018-ci ildə “Yelo Bank” və Gürcüstanın “TBC Bank”ı arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.
“Ötən həftə bankın müşahidə şurası tərəfindən təsdiqlənmiş yeni üç illik strategiya çərçivəsində hər hansı bir maliyyə strukturu ilə birləşməkdən imtina etmişik və biznesimizi təkbaşına inkişaf etdirmək niyyətindəyik. Bu il bizim üçün uğurlu başlayıb və bankımız gəlirlilik baxımından artıq dördüncü yerdədir. Birinci rübü 5,5 milyon manatdan çox mənfəətlə başa vurmuşuq”, – A.Həsənov deyib.
Onun sözlərinə görə, bankın növbəti illərdə əsas məqsədi biznesin inkişaf istiqamətini korporativ bankçılıqdan pərakəndə bankçılığa dəyişdirməkdir – əsas diqqət xüsusən də orta, kiçik və mikro sahibkarlığın inkişafına yönələcək.
“Bank üçün daha bir prioritet istiqamət fərdi şəxslərin bank xidmətlərinə olan ehtiyaclarını ödəməkdir”, – “Yelo Bank”ın rəhbəri bildirib.
Xatırladaq ki, birləşmədən sonra yeni kredit strukturunun 10 faizə qədəri “TBC Bank”a məxsus olacaqdı.
“TBC Bank” Gürcüstanın bank sektorundakı təcrübəsindən, o cümlədən yeni yaradılmış tam rəqəmsal “Kosmos” bankından yararlanmaqla pərakəndə bazarlarda və kiçik və orta biznesin kreditləşməsində “Nikoil” banka dəstək olmaq niyyətində idi.
“TBC Kredit” 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat əsasən kiçik və orta sahibkarlıq, istehlakçı və ipoteka kreditləri sektorlarına hədəflənib. “TBC Kredit”in kapitalının 75 faizi Gürcüstanın “TBC Bank”ına məxsusdur.
“Yelo Bank” (əvvəlki adı “Nikoil Bank”) Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın səhmdarları “Topaz INVESTMENT” (91,84 faiz), “NIKoil” səhmdar cəmiyyəti (7,97 faiz) və “ISR Holding”dir (0,19 faiz). (Report)