“YapıKredi Bank” 2023-cü ilin son rübünün maliyyə nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bank ötən ilin son rübündə “YapıKredi Bank” ASC 2023-cü ili 4 milyon 200 min manat mənfəət vergisi ödənişindən sonra 12 milyon 2 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti son bir ildə 10 milyon 849 min manat, başqa sözlə 10,4 dəfə artıb.
FAİZ GƏLİRLƏRİNDƏ VƏ XƏRCLƏRİNDƏ ARTIM
Hesabat dövründə bank 35 milyon 583 min manat faiz gəliri əldə edib. Gəlirlərin 25 milyon 930 min manatı kreditlərdən əldə edilən gəlirlərin hesabına formalaşıb. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 9 milyon 348 min manat (35,6%), kreditlər hesabına əldə edilən faiz gəlirləri isə 2 milyon 580 min manat (11,1%) artıb.
Bu dövrdə faiz xərcləri 2 milyon 444 min manat olub ki, bu da illik müqayisədə 288 min manat və ya 13,3% çoxdur.
“YapıKredi Bank”ın xalis gəlirləri 33 milyon 139 min manat təşkil edib ki, bu da son bir illə müqayisədə 9 milyon 60 min manat və ya 37,6% çoxdur.
QEYRİ-FAİZ GƏLİRLƏRİ VƏ XƏRCLƏRİNDƏ ARTIM DİNAMİKASI
Hesabat dövrdə bankın qeyri-faiz gəlirləri 23 milyon 125 min manat olub. Onun da 15 milyon 361 milyon manatını haqq və komissiya gəlirlərinin, 1 milyon 467 min manatını digər gəlirlərinin, 6 milyon 297 min manatını məzənnə dəyişməsi daxil olmaqla xarici valyutadan gəlirlərinin payına düşüb,
Qeyri faiz gəlirləri son bir ildə 4 milyon 234 min manat (22,4%), haqq və komissiya gəlirləri son bir ildə 2 milyon 936 min manat (23,6%) artıb.
Bu dövrdə qeyri faiz xərcləri 7 milyon 687 min manat (23,4%) artaraq 40 milyon 481 min manata, əmək haqqı xərcləri 3 milyon 341 min manat (29,5%) artaraq 14 milyon 694 min manata, ümumi inzibati xərclər 571 min manat (8,3%) artaraq 7 milyon 473 min manata, amortizasiya xərcləri 201 min manat (4,8%) artaraq 4 milyon 388 min manata, digər xərcləri isə 3 milyon 568 min manat (34,5%) artaraq 13 milyon 926 min manata yüksəlib.
BANK BÖYÜMƏKDƏ DAVAM EDİR...
2023-cü ilin son rübündə "YapıKredi Bank Azərbaycan" 514 milyon 860 min manat aktivlərə malik olub. Aktivlər əvvəllki ilin sonu ilə müqayisədə 32 milyon 933 min manat və ya 6,8% artıb.
KREDİT PORTFELİ BÖYÜYÜB, İSTEHLAK VƏ İPOTEKA KREDİTLƏRİNDƏ XEYLİ ARTIM VAR
Bankın ümumi kredit portfeli 291 milyon 778 milyon manat təşkil edib ki, onun da 68 milyon 14 min manatı istehlak, 188 milyon 882 min manatı biznes, 34 milyon 881 min manatı daşınmaz əmlak kreditlərinin payını düşüb.
Əvvəlki ilin son rübü ilə müqayisədə ümumi kredit portfeli 54 milyon 833 min manat (23,1%), istehlak kreditləri 22 milyon 707 min manat (50,1%), biznes kreditləri 19 milyon 717 min manat (11,7%), daşınmaz əmlak kreditləri 12 milyon 409 min manat (55,2%) artıb.
MÜŞTƏRİLƏRİN BANKDAKI ƏMANƏTLƏRİNDƏ ARTIM VAR
"Hesabat dövründə bankın öhdəlikləri 19 milyon 27 min manat və ya 4,8% artaraq 416 milyon 880 min manata çatıb.
Ümumi depozit portfeli 366 milyon 695 min manat təşkil edi ki, onun da 89 milyon 959 min manatını fiziki şəxslərin, 276 milyon 737 min manatını hüquqi şəxslərin əmanətləri təşkil edib.
Son bir ildə ümumi depozit portfeli 2 milyon 838 min manat (0,8%), fiziki şəxslərin əmanətləri 9 milyon 207 min manat (11,4%) artıb.
KAPİTALI 100 MİLYON MANATA YAXINLAŞIR
Bu dövrdə bankın kapitalı 13 milyon 906 min manat (16,5%) artaraq 97 milyon 981 min manata çatıb.
Bölüşdürülməmiş mənfəətin 11 milyon 822 min manat (46,6%) artaraq 37 milyon 187 min manat təşkil edib.