Məlum olduğu kimi, sentyabr ayının 27-də düşmən qüvvələrinin hücum hazırlığının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks hücum əməliyyatına başlamış və işğal altında olan torpaqlarımız düşmən işğalından tamamilə azad edilmişdir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgərlərimiz ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında əsl qəhrəmanlıq nümayiş etdirmiş və düşmənə hərb meydanında sarsıdıcı zərbələr endirmişdir. Təəssüf ki, düşmənlə döyüşlərdə rəşadətli ordumuzun əsgər və zabitləri arasında şəhid və yaralanlar da olmuşdur.
Ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında YAŞAT Fondu yaradılmışdır. Ölkə başçısı tərəfindən yaradılan fondun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verərək maliyyə yardımlarının göstərilməsi, borc öhdəliklərinin qarşılanması, müalicə, təhsil və digər xərclərin qarşılanması kimi tədbirlərin həyata keçirilməsidir.
Eləcə də bax: "TuranBank"dan özünüməşğulluq proqramına - Növbəti Dəstək
FED.az xəbər verir ki, bu nəcib təşəbbüsə qoşulan TuranBank ASC də vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan YAŞAT Fonduna vəsait ayırmışdır. Bank bu məqsədlə fondun hesabına 100 000 (yüz min) manat məbləğində vəsait köçürmüşdür.
Biz əminik ki, işğaldan azad olunan torpaqlarımızda üç rəngli bayrağımız bundan sonra əbədi dalğalanacaq!
Qarabağ Azərbaycandır!