"2026-cı ildə Azərbaycanın bank sektorunda kapitallaşma sabit səviyyədə, likvidlik göstəriciləri isə yüksək olaraq qalacaq".
FED.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.
Məlumata görə, bankların mənfəətliliyi kifayət qədər yüksək olduğundan və risklə çəkilmiş aktivlərin artımı orta templə getdiyindən kapitallaşma göstəricilərində ciddi dəyişiklik gözlənilmir. “Fitch” qeyd edir ki, böyük banklarda dividendlərin əhəmiyyətli hissəsinin ödənilməsi kapitallaşmaya müəyyən təsir etsə də, bu təsir tam balanslaşdırılır.
Agentlik 2026-cı ildə sektorun I dərəcəli kapital adekvatlığı əmsalının təxminən 14% səviyyəsində qalacağını proqnozlaşdırır (2025-ci ilin 3-cü rübü: 14,6%). Bu göstərici Mərkəzi Bankın tələb etdiyi minimum göstəricidən (adi banklar üçün 5%, iri banklar üçün 6%) xeyli yuxarıdır.
Hesabata görə, bank sektorunda likvidlik yastıqları, o cümlədən xarici valyutada likvidlik, güclü olaraq qalacaq. Sektor üzrə ümumi kreditlərin depozitlərə nisbətinin isə təxminən 80% səviyyəsində davam edəcəyi bildirilib. (Apa)












