2025-ci ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz xərcləri 2 milyard 561,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların qeyri-faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 372,1 milyon manat, yəni 17% artıb, lakin ötən ilin sonuna nəzərən 210,7 milyon manat, yəni 7,6% azalıb. Aylıq müqayisədə isə qeyri-faiz xərcləri 274,3 milyon manat, yəni 12% yüksəlib.
Bankların xidmətlər üzrə ödədiyi haqq və komissiya xərcləri 881,2 milyon manat təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 131,6 milyon manat (17,6%), son bir aya nəzərən isə 93,5 milyon manat (11,9%) artıb.
Əsas vəsaitlərlə (bina, avadanlıq və s.) bağlı xərclər isə 10 ayda 354,7 milyon manat olub. Bu, illik 46,7 milyon manat (15,2%), aylıq isə 37,7 milyon manat (11,9%) artım deməkdir.
Xatırladaq ki, bankların qeyri-faiz xərcləri bu ilin oktyabrın 1-nə 2 milyard 287,6 milyon manat, ötən ilin sonunda 2 milyard 772,6 milyon manat, 2024-cü ilin noyabrın 1-nə isə 2 milyard 189,8 milyon manat təşkil edib.










