"Bank VTB Azərbaycan" 2024 cü ilin II rübünü 4 milyon 720 min manat xalis mənfəətlə başa vurub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
Bu dövrdə bankın faiz gəlirləri 15 milyon 95 min manat təşkil edib ki, bunun da 12 milyon 747 min manatı kreditlərdən əldə edilən faiz gəlirləri hesabına formalaşıb.
Son bir ildə faiz gəlirləri 1 milyon 633 min manat (12%), kreditlərdən əldə edilən faiz gəlirləri 1 milyon 658 min manat (15%) artıb.
Faiz xərcləri isə 438 min manat və ya 13% artaraq 3 milyon 941 manat təşkil edib.
Beləliklə bankın xalis faiz gəlirləri 10 milyon 255 min manat təşkil edib ki, bu da illik müqayisədə 793 min manat və ya 8% çoxdur.
Hesabat dövründə "Bank VTB Azərbaycan"ın qeyri-faiz gəlirləri 6 milyon 602 min manat, xərcləri isə 14 milyon 84 min manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 2 milyon 900 min manat (92%), xərcləri isə 1 milyon 939 min manat (16%) artıb.
Əmək haqqı xərcləri 890 min manat (12%) artaraq 8 milyon 157 min manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 4 milyon 390 min manat, amortizasiya xərcləri 1 milyon 51 min manat, digər xərcləri isə 486 min manat olub.
İllik müqayisədə ümumi və inzibati xərclər 928 min manat (27%), amortizasiya xərcləri 55 min manat (6%), digər xərclər isə 67 min manat (16%) artıb.
"Bank VTB Azərbaycan" bu ilin II rübündə 289 milyon 498 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 39 milyon 598 min manat və ya 16% artıb.
Hesabat dövründə "VTB Bank Azərbaycan" 213 milyon 613 min manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi son bir ildə 26 milyon 493 min manat (14%) böyüyüb.
Onun da 89 milyon 20 min manatını istehlak, 71 milyon 233 min manatını biznes kreditləri, 53 milyon 660 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü iin sonu ilə müqayisədə istehlak kreditləri, 14 milyon 220 min manat (19%), biznes kreditləri 6 milyon 682 min manat (10%), ipoetka kreditləri 5 milyon 891 min manat (12%) böyüyüb.
Ümumi kredit portfelinin 26 milyon 460 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 187 milyon 154 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 23 milyon 393 min manat, başqa sözlə 14% artım deməkdir.
Bankın öhdəlikləri 34 milyon 587 min manat (22%) artaraq 150 milyon 47 min manat təşkil edib.
Depozit portfelinin həcmi 110 milyon 384 min manat olub ki, onun da 66 milyon 405 min manatı fiziki, 43 milyon 979 min manatı hüquqi şəxslərin payına düşüb.
Fiziki şəxslərin əmanətləri 1 milyon 100 min manat (2%), hüquqi şəxslərin əmanətləri 19 milyon 934 min manat (83%) artıb.
Bankın balans kapitalı 96 milyon 066 min manat təşkil edib kİ, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 milyon 11 min manat və ya (6%) çoxdur.