“Bank Respublika” ASC cari ilin üçüncü rübü üzrə maliyyə hesabatı göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 137,8 milyon manat, faiz xərcləri 53,8 milyon manat olub.
Faiz gəlirləri illik müqayisədə 39,2 milyon manat (40%), xərcləri isə təxminən 15,9 milyon manat (42%) artıb.
Beləliklə xalis faiz gəlirləri 83,9 milyon manatdan çox olub ki, bu da illik müqayisədə təxminən 23,3 milyon manat (38%) artım deməkdir.
Bankın qeyri faiz gəlirləri 28,5 milyon manat, xərcləri isə 76,8 milyon manat təşkil edib.
Gəlirlər 335,90 min manat (1%), xərclər isə 12,1 milyon manat (19%) artıb.
Bankın əmək haqqı və digər kompensiya növləri üzrə xərcləri 40,1 milyon manat (9% çox), ümumi və inzibati xərcləri 22,1 milyon manat (35% çox), amortizasiya xərcləri 2,4 milyon manat (13% çox), digər xərcləri isə 12,1 milyon manat (30% çox) olub.
Beləliklə “Bank Respublika” 3-cü rübü 25 milyon 670 min manat xalis mənfəətlə yekunlaşdırıb. Xalis mənfəətlərin həcmi 6 milyon 579 min manat, yəni 34% artıb. Bank bu dövrdə 8 milyon 595 min manat mənfəət vergisi ödəyib.
“Bank Respublika”ın aktivləri cari ilin 3-cü rübü üçün 1864,5 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 279,6 milyon, yaxud 17,5% çoxdur.
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 464,5 milyon manat, ticarət və investisiya qiymətli kağızları 90,1 milyon manat olub.
Nağd pul vəsaitləri 143,8 milyon manat (44,9%) qiymətli kağızlar 26 milyon manat, başqa sözlə 40,5% artıb.
Bankın kredit portfeli də əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, kredit portfeli 128,2 milyon manat, yaxud 13,3% artaraq 1090,7 milyon manata çatıb.
Onun da 250,6 milyon manatı istehlak, 742,1 milyon manatı biznes, 97,8 milyon manatı daşınmaz əmlak kreditləri təşkil edib.
İstehlak kreditlərin həcmində 23 milyon manat (10,1%), biznes kreditlərində 84 milyon manat (12,8%), daşınmaz əmlak kreditlərində isə 21,1 milyon manat (27,6%) artım qeydə alınıb.
"Bank Respublika"nın bu dövrdə öhdəlikləri, 1 725 milyon manat təşkil edib ki, bu göstərici də 2022-ci ilin son rübü ilə müqayisədə 258,6 milyon manat, yaxud 17,6% artım deməkdir.
Bankın depozit portfeli 232,2 milyon manat (24%) artaraq 1198,1 milyon manata yüksəlib.
Bunun da 652,9 milyon manatını fiziki şəxslərin, 545,2 milyon manatını hüquqi şəxslərin depozitləri təşkil edib. Fiziki şəxslərin depozitlər 93,9 milyon manat (16,8%), hüquqi şəxslərin depozitləri isə 138,2 min manat (34%) arıtb
“Bank Respublika” üçüncü rübdə 139 milyon 529 min manat kapitala malik olub. Kapitalın həcmində 21 milyon 078 min manat, yaxud 17,8%-lik artım qeydə alınıb.
.Bölüşdürülməmiş mənfəətin həcmi də 19 milyon 673 manat, və ya 81% artaraq, 43 milyon 964 min manata çatıb.