"Bank Respublika" bu ilin ilk rübünün maliyyə nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, "Bank Respublika" 2024-cü ilin ilk rübünü 13 milyon 512 min manat xalis mənfəətlə başa vurub.
Bu 2023-ci ilin eyni dövrü ilə müqayisədə 3 milyon 794 min manat (39 %) çoxdur. Hesabat dövründə bank 3 milyon 29 min manat mənfəət vergisi ödəyib.
GƏLİR VƏ XƏRCLƏRDƏ MÜSBƏT DİNAMİKA
Hesabat dövründə bankın faiz gəlirləri 54 milyon 119 min manat olub ki, bunun da 45 milyon 575 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb.
Faiz gəlirləri son bir ildə 11 milyon 118 min manat (26%) , kreditlərən əldə edilən gəlirlər hesabına formalaşan faiz gəlirləri isə 8 milyon 391 min manat (23%) artıb.
Faiz xərcləri də 2 milyon 764 min manat (16%) artaraq 19 milyon 572 min manata yüksəlib.
Beləliklə, xalis faiz gəlirləri 34 milyon 577 min manat olub ki, bu da illik müqayisədə 8 milyon 354 min manat və ya 32% çoxdur.
Qeyri-faiz gəlirləri 8 milyon 586 min manat, xərcləri isə 26 milyon 278 min manat olub. Xərcləri 2 milyon 53 min manat (8%) artıb.
Hesabat dövründə əmək haqqı xərcləri 13 milyon 704 min manat, ümumi və inzibati xərclər 7 milyon 195 min manat, amortizasiya xərcləri 998 min manat, digər xərclər isə 4 milyon 381 min manat olub. Əvvəlki illə müqayisədə əmək haqqı xərcləri 1 milyon 91 min manat (9%), ümumi və inzibati xərclər 590 min manat (9%), amortizasiya 222 min manat (29%), digər xərcləri isə 150 min manat (4%) artıb.
KREDİT PORTFELİ BÖYÜYÜB
"Bank Respublika" 2024-cü ilin ilk rübündə 2 milyard 100 milyon 199 min manat akitvlərə malik olub.
Bankın kredit portfelində artım müşahidə olunub. Belə ki, ümumi kredit portfeli 1 milyard 189 milyon 155 min manat təşkil edib. Kredit portfeli son bir ildə 14 milyon 925 min manat (1%) böyüyüb.
Kredit portfelinin 259 milyon 210 min manatını istehlak, 804 milyon 408 min manatını biznes, 125 milyon 298 min manatını ipoteka, 239 min manatını digər kreditlər təşkil edib.
Əvvəlki illə müqayisədə istehlak kreditləri 8 milyon 466 min manat (3%), biznes kreditləri 3 milyon 27 min manat (0,4%), ipoteka kreditləri 3 milyon 424 min manat (3%) artıb.
ƏHALİNİN ƏMANƏTLƏRİNDƏ YENƏ ARTIM VAR
"Bank Respublika"nın öhdəlikləri 1 milyard 941 milyon 637 min manata, depzoit portfeli isə 1 milyard 411 milyon 100 min manat təşkil edib.
Depozit portfelinin 673 milyon 158 min manatını fiziki, 737 milyon 942 min manatını hüquqi şəxslərin depozitləri təşkil edib. Fiziki şəxslərin əmanətləri 12 milyon 553 min manat (2%) böyüyüb.
KAPİTALDA ARTIM DİNAMİKASI
Bankın balans kapitalı 2 milyon 802 min manat (2%) artaraq 158 milyon 562 min manata manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi 61 milyon 644 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 97 min manat (2,4 dəfə) çoxdur.