Ölkənin aparıcı banklarından olan Bank of Baku III rübün maliyyə nəticələrini açıqlayıb.
FAİZ GƏLİRLƏRİNDƏ ARTIM
FED.az hesabta istinadən xəbər verir ki, faiz gəlirləri 112,6 milyonmanat təşkil edib.
İllik müqayisədə gəlirlər 18,5 milyon manat, yəni 20% artıb.
Faiz gəlirlərinin 105,7 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 15,8 milyon manat (18%) çoxdur.
Bundan başqa banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 15 min manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 2,7 milyon manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 3,7 milyon manat, digər faiz gəlirləri isə 477 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 232 min manat (9%), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 2,2 milyon manat (2,6 dəfə), digər faiz gəlirləri isə 293 min manat (2,6 dəfə) artıb.
Hesabat dövründə bankın faiz xərcləri 11,4 milyon manat (39%) artaraq 40,7 milyon manata bərabər olub. Bunun da böyük hissəsi - 38 milyon manatı depozitlər üzrə faiz xərcləridir ki. bu da illik müqayisədə 10,9 milyon manat (40%) çoxdur.
Bankın xalis faiz gəlirləri isə 71,9 milyon manat təşkil edib. Bu da son bir ildə 7,1 milyon manat və ya 11% çoxdur.
Hesabat dövründə qeyri-faiz gəlirləri 13 milyon manat, xərcləri isə 61,7 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 3,4 milyon manat (35%). xərcləri isə 11,4 milyon manat (23%) artıb
Qeyri-faiz gəlirlərinin 23,7 milyon manatı alınan haqq və komisiya gəlirlərinin payına düşüb ki, bu da illik müqayisə ilə 1,4 milyon manat və ya 6% artımdır.
Xərclərin 5 milyon manatı əmək haqqı, 1,1 milyon manatı ümumi və inzibati xərclərin, 1,8 milyon manatı amortizasiya xərclərinin, 31,1 milyon manatı digər xərclərin payına düşüb.
2023-cü ilin son rübü ilə müqayisədə əmək haqqı xərcləri 1,4 milyon manat (6%), ümumi və inzibati xərclər 1,1 milyon manat (26%), amortizasiya xərcləri 315 min manat (20%), digər xərclər isə 8,7 milyon manat (39%) artıb.
"Bank of Baku" 6,5 milyon manat mənfəət vergisi ödənişindən sonra III rübü 20 milyon min manat xalis mənfəətlə başa vurub.
Aktivləri və kredit portfeli
Bank of Bakunun aktivləri cari ilin III rübündə 919,5 milyon manat təşkil edib. Aktivlər ötən ilin sonu ilə müqayisədə 48,6 milyon manat və ya 6% artıb.
Aktivlərin də 72,2 milyon manatını nağd pul vəsaitləri, 54,3 milyon manatını isə qiymətli kağızlara yatırımlar təşkil edib.Nağd pul vəsaitləri 19 milyon manat (36%), qiymətli kağızlara yatırımlar isə 9,6 milyon manat artıb.
Bankın kredit portfeli 750,6 milyon manat təşkil edib ki, bundan istehlak kreditlərinin payına 565 milyon manat, biznes kreditlərinin payına 139 milyon manat, daşınmaz əmlak kreditlərinin payına 46,6 milyon manat düşüb.
2023-cü ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 91,6 milyon manat (14%), istehlak kredit portfeli 88,9 milyon manat (19%), ipoteka kreditlərinin həcmi 11,7 milyon manat (33%) artıb.
Ümumi kredit portfelinin 59,8 milyon manatını mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyat vəsaiti təşkil edib.
Nəticədə xalis kredit portfelinin həcmi 690,8 min manata bərabər olub ki, bu da illik 91,3 milyon manat və ya 15% artım deməkdir.
Hesabat dövründə bankın öhdəlikləri 769,8 milyon manat təşkil edib. Öhdəliklər son 37,9 milyon manat, başqa sözlə 5% artıb.
BANKDA ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN PULU ARTIB
"Bank Of Baku"nun depozit portfelində də artım müşahidə olunub. Belə ki, bu dövrdə bank 571,3 milyon manat depozit portfelinə malik olub. Onun da 517,6 milyon manatı fiziki, 53,7 milyon manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2023-cü ilin sonu ilə müqayisədə depozit portfeli 55,7 milyon manat (11%), fiziki şəxslərin depozitləri 42 milyon manat (9%), hüquqi şəxslərin depozitləri isə 13,6 milyon manat (34%) artıb.
Bank of Baku bu ilin ilk rübündə 149,7 milyon manat kapitala malik olub ki, bu da illik müqayisədə 10,7 milyon manat və ya 8% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi də son bir ildə 9,5 milyon manat və ya 12% artaraq 86,5 milyon manat təşkil edib.