Azərbaycanın ən fəal banklarından olan «Bank of Baku» 2026-cı ilin 3-cü rübünü artan gəlirlər və ölkədə ən sürətli, bəlkə də ilin əvvəlində bankın top menecmentinin də gözləmədiyi şəkildə böyümə ilə başa vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 2026-ci ilin ilk 9 ayında «Bank of Baku»nun aktivləri 1,5 milyard manatı keçərək 1 milyard 566 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 414 milyon manat və ya 36% artıqdır.
Aktivlərin artımının böyük hisəsi kredit portfelinin hesabınadır – hesabat dövründə «Bank of Baku»nın kredit portfeli 260 milyon manat artaraq 1 milyard manatı keçib – 1 milyard 171 milyon manat.
Diqqəti çəkən məqam – bankıvn kredit portfelində istehlak kreditlərinin sabit şəkildə artmasıdır. Bu göstərici, bankın kredit komandasının, güclü rəqabət olduğu və gündən günə sərt qaydalarla tənzimlənən istehlak kreditləri bazarında yeni imkanlar tapmasından xəbər verir. Belə ki, bankın istehlak krediti portfeli 211 milyon manat artaraq 699-dan 911 milyon manata yüksəlib.
Bu dövrdə «Bank of Baku»nun nağd vəsaitləri 22 milyon manat artaraq 81 milyondan 103 milyona yüksəlib. Qiymətli kağızlara yatırımları da təqribən eyni şəklidə artaraq 100 milyon manatı keçib.
2026-cı ildə «Bank of Baku»nun göstəricilərində əsas yeniliklərdən biri başqa banklara yatırılan depozitlərin kəskin artırılmasıdır. Bu rəqəm ilin əvvəlindəki 26 milyon manatla müqayisədə 6 dəfə artaraq 171 milyona çatıb.
Bankın belə sürətli böyüməsinin «açarı» onun depozit portfelinin kəskin artmasındadır.
İlin əvvəlindən keçən 9 ay ərzində «Bank of Baku»nun öhdəlikləri təqribən 400 milyon manat artaraq 976 milyon manatdan 1 milyard 373 milyona yüksəlib.
Depozit portfelində təmiz artım 320 milyon təşkil edib – 740 milyondan 1 milyard 60 milyon manata. Diqəqti çəkən məqam – depozit portfelinin bütün seqmentlərinin böyüməsidir.
Belə ki, bankda fiziki şəxslərin əmanətləri 244 milyon manat və ya 36% artaraq 669 milyondan 913 milyon manata sıçrayıb. Biznesin depozitləri isə ümumiyyətlə 2 dəfədən çox artaraq 70-dən 145 milyona qalxıb.
Depozit portfelinin gəlirli kredit portfelinə çevrilməsi isə «Bank of Baku» komandası üçün problem olmayıb.
Öhdəliklərlə bağlı digər göstəricilərdə ciddi dəyişiklik olmayıb. Yalnız bankın aldığı kreditlərin məbləği 140 milyondan 227 milyon manata yüksəlib.
Sürətli artım bankın cəmi kapitalının 175 milyondan 193 milyon manata artmasına imkan verib. Yeri gəlmişkən, bu məbləğin yalnız 53 milyon manatı səhmdarların illər əvvəl yatırdığı puldur, bankın bölüşdürülməmiş mənfəəti artıq həmin rəqəmi 2 dəfə üstələyərək 126 milyon manatı keçib.
2026-cı ildə «Bank of Baku»nun miqyaslarının böyüməsi onun gəlirlərinə və xərclərinə də təsirini göstərib.
Belə ki, 2026-cı ilin ilk 9 ayında bankın faiz gəlirləri ötən illə müqayisədə 35 milyon manat və ya 27% artaraq 164 milyon manata yüksəlib. Bu vəsaitini böyük hissəsi ənənəvi olaraq kreditlərdən daxil olan faizlərdir.
Kredit portfelinin kəskin böyüməsi «Bank of Baku»ya əlavə 29 milyon faiz gəliri təmin edib. Bu il «Bank of Baku» başqa banklara da kredit verməyə başlayıb və nəticədə təqridbən 3 milyon manat faiz gəliri ələd edib. Başqa banklardakı depozitlər isə «Bank of Baku»ya əlavə 6,5 milyon manat gəlir gətirib.
Qiymətli kağızlara yatırılan təqribən 100 milyon manat investisiya isə özünü 4 milyon manatlıq gəlirlə doğruldub. QK yatırımları kredit portfeli kimi verimli olmasa da, bank bu sektoru da istifadə etməkdədir.
Banrkın böyüməsi özünü faiz xərclərində də göstərib – 51 milyondan 73 milyona yüksəlib. Məsələn, bankdakı depozitlərin 300 milyon manat artması «Bank of Baku»nun faiz xərclərini təqribən 20 milyon manat artırıb.
Bankın başqa ciddi faiz xərcləri olmayıb və xalis faiz gəlirləri 90 milyon manatı keçib.
«Bank of Baku»da qeyri-faiz gəlirləri ənənəvi olaraq böyük deyil – hələ bu illik artımla cəmi 18 milyon manat, bu da demək olar ki, tamamilə haqq və komissiya gəlirləridir.
2026-cı ildə bankın qeyri-faiz xərclərində nəzərə çarpan artım var – 62,6 milyon manatdan, 72,6 milyon manata.
«Bank of Baku» ona yüksək artım təmin edən personala xəsislik etməyib – əmək haqqı xərcləri 7,7 milyon manat və ya 30% artaraq 26 milyon manatdan 34 milyon manata yüksəlib. Yəni xərc artımı demək olar bütünlüklə əmək haqqı artımına sərf edilib.
Bütün gəlir xərpcləri nəzərə alanda «Bank of Baku»nun əməliyyat mənfəəti ötənilki 30 milyon manatdan bu il 36 milyon manata yüksəlib.
Ehtiyat ayırmalarına 1,5 milyon manat, mənfəət vergisinə isə təqribən 8 milyon ödəyəndən sonra bankın xalis mənfəəti 27 milyon manat olub. Bu, ötənilki göstəriciyə nisbətən 3 milyon manat artıqdır.






!["Bank of Baku" 9 aya 36% böyüdü - [red]Mənfəət 27 milyon manata çatdı - HESABAT[/red] | FED.az](/upload/news/small/4077114.jpeg)
!["Bank of Baku" 9 aya 36% böyüdü - [red]Mənfəət 27 milyon manata çatdı - HESABAT[/red] | FED.az](/upload/news/small/452302.png)
!["Bank of Baku" 9 aya 36% böyüdü - [red]Mənfəət 27 milyon manata çatdı - HESABAT[/red] | FED.az](/upload/news/small/2365988.png)









