Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
“Bank BTB” pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı AMB-yə istinadən xəbər verir ki, qeyd olunan razılıq əsasında, Bank “BTB” ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək.
Bu çərçivədə, Bank “BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaqdır. Həmçinin, Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcəkdir. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və Bank “BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.
Beləliklə, Bank “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.
Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.












