Azərbaycanın bank sektorunda problemli istehlak kreditlərinin həcmi noyabrın 1-nə 325,8 milyon manat təşkil edib. Bu seqmentdə artım bütün dövrlər üzrə davam edir.
FED.az Mərkzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69,8 milyon manat və ya 27,3% artım deməkdir.
Belə ki, ötən ilin noyabrın 1-nə vaxtı keçmiş istehlak kreditlərinin həcmi 256 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artımı təsdiqləyir. Ötən ilin sonuna (246,3 mln. manat) nəzərən problemli kreditlər 79,5 milyon manat (32,3%) artıb. Son bir ayda isə (oktyabra nəzərən) portfeldə 11,6 milyon manat (3,7%) artım qeydə alınıb.
Xatırladaq ki, problemli istehlak kreditləri portfeli bu ilin oktyabrın 1-nə 314,2 milyon manat, ötən ilin sonunda 246,3 milyon manat, ötən ilin eyni dövründə isə 256 milyon manat idi.
Vaxtı keçmiş kreditlərin ümumi istehlak kreditləri portfelindəki payı isə noyabrın 1-nə 3,5% təşkil edib. Bu, ötən ilin eyni dövrü (3,1%) ilə müqayisədə 0,4 faiz bəndi, ötən ilin sonu (2,9%) ilə müqayisədə isə 0,6 faiz bəndi pisləşmə deməkdir. Son bir ayla (3,4%) müqayisədə isə portfelin keyfiyyəti 0,1 faiz bəndi pisləşib.










