Bu ilin noyabrın 1-nə olan məlumata görə, problemli ipoteka kreditlərinin həcmi 32,1 milyon manata düşüb.
FED.az-ın Mərkəzi Bankın statistikasına əsasən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 milyon manat və ya 7% azalma deməkdir.
Belə ki, ötən il noyabrın 1-də problemli ipoteka kreditlərinin həcmi 34,5 milyon manat səviyyəsində idi.
Portfelin dinamikasına nəzər saldıqda, ötən ilin sonuna (34 mln. manat) nəzərən 1,9 milyon manatlıq (5,6%) azalma, son bir ayda (oktyabra nəzərən) isə 0,4 milyon manatlıq (1,2%) azalma qeydə alınıb.
Müqayisə üçün bildirək ki, problemli ipoteka kreditləri portfeli bu ilin oktyabrın 1-nə 32,5 milyon manat, ötən ilin sonunda 34 milyon manat, ötən ilin eyni dövründə isə 34,5 milyon manat səviyyəsində idi.
Problemli ipoteka kreditlərinin ümumi ipoteka portfelindəki payı cəmi 0,7% təşkil edir. Bu göstərici son bir ay ilə müqayisədə dəyişməyib. Lakin ötən ilin eyni dövrü (0,8%) ilə müqayisədə 0,1 faiz bəndi, ötən ilin sonu (0,8%) ilə müqayisədə isə 0,1 faiz bəndi yaxşılaşıb.










