Azərbaycanın bank sektorunda vaxtı keçmiş biznes kreditlərinin həcmində kəskin artım qeydə alınıb. 2026-cı ilin fevralın 1-nə olan məlumata görə, problemli biznes kreditlərinin həcmi 461,1 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən bildirir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 71,7 milyon manat və ya 18,4% artım deməkdir.
Bu seqmentdə artım tendensiyası ilin əvvəlindən bəri də davam edir. Ötən ilin sonu ilə müqayisədə portfel 32,3 milyon manat (7,5%) böyüyüb.
Bu kəskin artım nəticəsində, problemli kreditlərin biznes kreditləri portfelindəki payı əvvəlki ilin eyni dövründəki 2,6%-dən 2,9%-ə (ilin əvvəlində 2,7% idi) yüksəlib.
Müqayisə üçün qeyd edək ki, problemli biznes kreditləri portfeli 2025-ci ilin sonunda 428,8 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 389,4 milyon manat təşkil edirdi.












