2026-cı ilin fevralın 1-nə (yanvarın sonuna) Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin (QİK) ümumi həcmi 794 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 103,4 milyon manat və ya 15% artım deməkdir.
Problemli kreditlərin həcmində ilin əvvəlindən bəri (ötən ilin sonu ilə müqayisədə) də artım qeydə alınıb. Belə ki, bir ay ərzində bankların portfelindəki vaxtı keçmiş kreditlər 31,4 milyon manat (4,1%) artıb.
Bu artım fonunda, qeyri-işlək kreditlərin ümumi kredit portfelindəki payı da pisləşərək əvvəlki ilin eyni dövrü və ilin əvvəlindəki 2,5%-dən 2,6%-ə yüksəlib.
Xatırladaq ki, bankların cəmi qeyri-işlək kreditləri 2025-ci ilin sonunda 762,6 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 690,6 milyon manat təşkil edirdi.












