Azərbaycanın aparıcı banklarından olan «Premium Bank» 2020-ci ilin ilk yarısına yekun vurub.
Eləcə də bax: “AccessBank” 2020-ci ilin birinci yarısını - MƏNFƏƏTLƏ BAŞA VURDU
FED.az xəbər verir ki, bank ilk yarım ili mənfəətlə başa vurmağı bacarıb. Baxmayaraq ki, əsas göstəricilərin əksəriyyətində geriləmə olub.
Bütün gəlir göstəriciləri azalıb
İlk 6 aylıq hesabatda deyilir ki, bankın faiz gəlirləri 18,1% azalaraq 21,5 milyon manatdan 17,6 milyon manta enib. Faiz gəlirlərinin azalması kreditlərdən gələn faizlərin aşağı düşməsi ilə bağlıdır.
Bu dövrdə bankın faiz xərcləri də 2,6% azalaraq 9,34 milyondan 9,1 milyon manata enib.
Nəticədə bank yarım ili 8,5 milyon manat xalis faiz gəliri ilə başa vurub, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 30% azalıb (ötən il 12,2 milyon manat idi).
İlk 6 ayda «Premium bank»ın qeyri-faiz gəlirləri 2,5 milyon manat və ya 15% azalaraq 7,6 milyon manata enib. Azalmanın əsas səbəbi «Premium bank»ın haqq və komissiya gəlirlərinin aşağı düşməsidir. Bu göstərici əslində bankın müştəri sayı və müştərilərin aktivliyini ölçür. Ötən ilin eyni dövrü ilə müqayisədə haqq və komissiya gəlirləri 1,8 milyon manat və ya 25% azalaraq 5,4 milyon manata enib.
Xarici valyuta ilə əməliyyatlardan gəlirlər isə 680 min manat və ya 24% azalıb.
İlk yarım ildə «Premium Bank» qeyri-faiz xərclərini də azaltmalı olub. Bu göstərici 1,5 milyon manat və ya 10% azalıb.
Bank xərclərin hansı mənbə hesabına azaldığını açıqlamır. Azalma mənbəyi kimi «digər xərclər» göstərilir – təqribən 1,3 milyon manat.
Əməliyyat mənfəəti 3 qat aşağı düşüb
Nəticədə «Premium bank» yarım ili 2 496 min manat əməliyyat mənfəəti ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3 dəfə aşağı düşüb - 2019-un ilk yarısında əməliyyat mənfəəti 7 094 min manat idi.
«Premium bank»ın vəziyyətini vəziyyətinə müsbət təsir edən məqam mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar dan 5,1 milyon manat geri çəkilməsi olub. Nəticədə bank yarım ili təqribən ötən ilki qədər - 7,5 milyon manat xalis mənfəətlə başa vurub – son bir ildə xalis mənfəət 0,3% azalıb.
Kredit portfeli və biznes kreditləri azalıb
İlk yarım ilin nəticəsi olaraq «Premium bank»ın aktivləri 28 milyon manat və ya 4,4% artaraq 670,8 milyon manata yüksəlib. Aktivlərin artımı nağd vəsaitlərin hesabına olub – 26,1 milyon manat artaraq 100,3 milyon manata çatıb.
Müştərilərə verilən kreditlər isə azalıb – xalis kreditlər 7 milyon manat və ya 1,2% azalaraq 555,4 milyon manata enib.
Bu dövrdə ən çox azalma biznes kreditlərində olub – 18 milyon manat və ya 3,2% azalaraq 535,9 milyon manat təşkil edib.
Əvəzində ipoteka kreditləri 2,4 dəfə artaraq 26 milyon manatı keçib.
Bankdan «əmanət axını» olub
İlk yarım ildə «Premium bank»ın öhdəlikləri təqribən 30 milyon manat (5,7%) azalıb. Azalma bütünlüklə depozit portfelindəki kiçilmə ilə bağlıdır. Belə ki, hesabat dövründə bankda fiziki şəxslərin əmanətləri 39,6 milyon manat və ya 10,7% azalaraq 370 milyon manatdan 330 milyon manata enib.
Əvəzində bu dövrə «Premium bank»ın Mərkəzi Bank qarşısnıda öhdləlikləri 10 milyon manatdan çox artıb.
Bu dövrdə bankın kapitalı 57,7 milyon manat artıb. Artımın 50 milyon manatı səhmdarlar tərəfindən banka 50 milyon manat yatırılması ilə bağlıdır. Digər hissə hissə bölüşdürülməmiş mənfəətin hesabına olub.