Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” 2020-ci il üzrə yarım illik maliyyə göstəricilərini elan edib.
FED.az xəbər verir ki, ikinci rübün sonunda Bankın aktivləri 851.2 milyon manat təşkil edib.
Eyni tarixə Bankın xalis kredit portfeli 474.7 milyon olub. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 535.3 milyon manat təşkil edib. Qeyd etmək lazımdır ki, bu ilin ilk yarısında kreditlərin 97.4%-i manatla verilib.
2020-ci ilin ilk 6 ayı ərzində “AccessBank” 158.4 milyon manat məbləğində kredit verib. Verilən aylıq kreditlərin 50%-i bölgə filiallarının payına düşüb. Ümumi mikrokreditlərin 40%-i isə kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.
İyun ayının sonuna Bankın əmanət portfeli 558.3 milyon manat təşkil edib.
2020-ci ilin birinci yarım ili ərzində bankın xalis faiz gəlirləri 28.1 milyon manata bərabər olub. Bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 26.5% çoxdur.
Qeyri-adi gəlirləri nəzərə almadan, Bankın əməliyyat gəlirləri 2019-cu ilin ilk yarım ili ilə müqayisədə 9.3 milyon manat artıb. Bankın 2020-ci ilin ilk yarım illik xalis mənfəəti 1.530 milyon manat olub.
Hazırda Bankın cəmi balans kapitalı 94.9 milyon manat və məcmu kapitalı 77.5 milyon manat təşkil edir, bu isə minimum məcmu kapital normasından (50 milyon manat) 55% artıqdır.
İyun ayının sonuna Bankın ani likvidlik əmsalı 63.69% təşkil edib, bu isə normadan (30%) təxminən 2.12 dəfə yüksəkdir.
“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov birinci yarım ilin maliyyə nəticələrini şərh edib:“Bankın fəaliyyəti ən yüksək beynəlxalq standartlara və dünya təcrübəsinə əsaslanır. Bu standart və təcrübələrə uyğunluq, ölkədə iqtisadi fəaliyyətin azaldığı bir dövrdə banka maliyyə cəhətdən sabit qalmağa imkan verir. Əlbəttə ki, COVID-19 pandemiyası planlarımıza təsir etdi: bütün dünyanı əhatə edən qeyri-müəyyənliyi nəzərə alaraq, biz ehtiyata ayırmalarımızı artırdıq, bu da öz növbəsində bankın mənfəətinə təsir göstərdi. Karantin tədbirləri fonunda, “AccessBank” kiçik və orta sahibkarlığa həm mövcud kreditləri restrukturizasiya edərək, həm də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlara yeni kreditlər verərək dəstək olmağa davam edir. Çətin şəraitdə işləməyə hər mənada hazırıq: həm likvidlik, həm kapitalın adekvatlığı və ən əsası komandanın təcrübəsi baxımından. Tərəfdaşlarımıza və əməkdaşlarımıza təşəkkür edirəm. Müştəri və səhmdarlarımızın bizə göstərdiyi etimad, həmçinin əməkdaşlarımızın peşəkarlığı “AccessBank”a məqsədlərinə çatmağa imkan verir."
Bu gün "AccessBank"ın səhmdarları sırasına Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər xarici maliyyə qurumları və investisiya fondları daxildir.